Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə dekabrın 25-də Beynəlxalq Muğam Mərkəzində (BMM) Kərkük musiqisi axşamı keçirildi.
Konsertdən öncə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi etnomusiqişünas Gülxanım Əsədzadə çıxış edərək bildirdi ki, əsrlər boyu İraq türkmənləri ilə Azərbaycan arasında səmimi bağlar olub. Bu əlaqələr özünü mədəniyyət və musiqidə də göstərib: “Türk dünyasının ayrılmaz parçası olan Kərkükün adı çəkiləndə istər-istəməz ruhumuz bizi ora aparır, mahnıları dilimizdə səslənir. “Ninnə yarım”, “İpək yaylığım”, “Gözələ bax” kimi mahnılar həm Kərkük elinin, həm də Azərbaycan xalqının dillər əzbəridir”.
Qeyd olundu ki, Kərkük tarix boyu türkmənlərin toplu şəklində yaşadığı bir ərazidir. Kərkükdə bu gün bizimlə dil və ruh eyniliyi olan 3 milyondan bir qədər çox soydaşımız yaşayır. Türkmənlər tarixən indiki İraqın şimal ərazilərində – Mosul, Kərkük, Telafer, Tuzhurmatı, Altınkörpü, Kifra, Karatepe, Hanekin, Bayat və digər şəhərlərdə məskunlaşıb. Bütün çətinliklərə baxmayaraq, soydaşlarımız Azərbaycan türkcəsində danışır və adət-ənənələri yaşatmağa çalışırlar. Ulu öndər Heydər Əliyev vaxtilə İraqda yaşayan türkmənlər barədə demişdi ki, onlar da azərbaycanlılar kimi, bir bütövün parçalarıdır. Bizi eyni tarixi köklər və adət-ənənələr birləşdirir.
Bildirildi ki, sovet dövründə türk xalqlarının tarixini, mədəniyyətini araşdırmaq, folklor nümunələrini toplamaq, eləcə də türk xalqlarının mədəniyyətləri arasında müqayisəli təhlillər aparmaq çətin məsələ idi. Lakin Rəsul Rza, Bəxtiyar Vahabzadə, Qəzənfər Paşayev kimi ziyalılar bu istiqamətdə usanmadan çalışıblar. Kərkük mədəniyyəti və folklorunun öyrənilməsində professor Qəzənfər Paşayevin xüsusi xidmətləri var. Onun “Kərkük bayatıları”, “Kərkük folklorunun janrları”, “Kərkük mahnıları”, “Kərkük folkloru antologiyası” və s. əsərləri İraqdakı soydaşlarımızın etnik-mədəni zənginliyinə işıq salıb, onları bizə daha yaxından tanıdıb.
Kərkük mahnılarının Azərbaycanda tanınmasında türkmən əsilli diktor və solist Sinan Səid və müğənni Nərminə Məmmədovanın duetlərinin böyük rolu olub. Azərbaycan dinləyiciləri üçün tamamilə yeni bir tərz hesab olunan “Axşam olur”, “Sevdi yar”, “Evlərinin önü yonca” kimi mahnılarda Kərkük türklərinin zaman-zaman yaşadıqları faciələr, yurd, qardaş həsrəti əks olunur.
Kərkük xalq mahnılarının dillər əzbəri olmasında Xalq artisti, ustad xanəndə Hacıbaba Hüseynov da mühüm xidmətlər göstərib. Xanəndənin ilk qastrol səfəri İraqa olub. Onun repertuarında geniş yer tutmuş “Yana-yana kül oldum”, “İki sevda çəkənlərin cəzası var”, “Endim bulaq başına”, “Adalardan bir qız gəlir” və s. mahnılar həmişə dinləyicilərin könlünü oxşayıb.
Etnomusiqişünas G.Əsədzadənin çıxışından sonra söz musiqiyə verildi.
BMM-in solistləri Rüstəm Müslümov (tar) və Əməkdar artist Toğrul Əsədullayevin (kamança) müşayiəti ilə Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Nuriyyə Hüseynova, gənc xanəndələr Mirələm Mirələmov, Kamilə Nəbiyeva, Hüseyn Məlikov, Zümrüd Məmmədova, Məmməd Nəcəfov, Səbinə Ərəbli, Yaqut Xəlilzadə, Rəvan Qaçayev, Günay İmamverdiyeva, Nisbət Sədrayeva, Vəfa Vəzirova, eləcə də ud ifaçısı İsmayıl Zülfüqarov, pianoçu Rəbiyə İmanquliyeva, “Şəms-Qəmər” kamera xoru (bədii rəhbər Leyla Zalıyeva, xormeyster Xanımana Məmmədzadə) rəngarəng proqram təqdim etdilər.
Kərkük xalq musiqi nümunələri, müxtəlif üslublarda işlənilmiş xalq və bəstəkar mahnıları səsləndi. Gecədə bəzi nümunələr ilk dəfə təqdim olunurdu. Dosent L.Zalıyevanın “Mənim ipək yaylığım” Kərkük xalq mahnısının 4 səs üçün a capella işləməsi, habelə “Ninnə yarım” xalq mahnısı əsasında ud və piano alətində kompozisiya maraqlı alınmışdı.
Lalə Azəri