Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Şövkət Ələkbərova adına 20 nömrəli onbirillik Musiqi məktəbinin “Heydər Əliyev İli” çərçivəsində konserti keçirilib.

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təqdim olunan konsert proqramında Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə məktəbin şagirdləri Azərbaycan bəstəkarlarının əsərlərini səsləndiriblər.

***

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Rəşid Behbudov adına 2 nömrəli onbirillik Musiqi məktəbində görkəmli bəstəkar, pedaqoq, SSRİ və Azərbaycanın Xalq artisti, akademik Arif Məlikovun (1933 – 2019) 90 illik yubileyinə həsr edilmiş “Qəlblərin dastanı” adlı tədbir keçirilib.

Tədbirdə Arif Məlikovun həyat və yaradıcılığı haqqında məruzə dinlənilib, videoçarx nümayiş etdirilib.

Şagirdlər bəstəkarın “Məhəbbət əfsanəsi”, “İki qəlbin dastanı” baletlərindən musiqi parçaları, eləcə də müxtəlif əsərlərini ifa ediblər.

***

Paytaxtdakı Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin sənət sorağı isə uzaq Qətərdən gəlir.

Qətərin paytaxtı Dohada keçirilən “Yaşıl səhra, daha yaxşı ətraf mühit” mövzusunda “Horticultural EXPO – 2023” sərgisi çərçivəsində Azərbaycanın bu ölkədəki səfirliyinin dəstəyi ilə konsert proqramı təşkil edilib.

Konsertdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Tofiq Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəbinin bir qrup şagirdi Əməkdar müəllim Gülnarə Səfərovanın rəhbərliyi altında çıxış edib. Emin Eminli (tar), Elçin Güləliyev (klarnet) və Sevinc Aydazadədən (fortepiano) ibarət musiqi qrupu görkəmli Azərbaycan bəstəkarlarının mahnılarını məharətlə təqdim ediblər.