2023-cü il M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı üçün uğurlu olub. Naxçıvanlı kuklaçılar il ərzində H.X.Andersenin “Qar kraliçası”, Ə.Abbasovun “Keçinin qisası”, Ə.Qasımovun “İnanmayaq yalanlara”, V.Haqverdiyevin “Saçları səməni oğlan” tamaşalarını balaca teatrsevərlərin ixtiyarına veriblər.
Kollektiv Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100, peşəkar milli teatrın yaranmasının 150 illiyi münasibətilə keçirilən qastrol aksiyalarında da iştirak edib. Yaradıcı heyət aksiya çərçivəsində dekabrın son günlərində Salyan Dövlət Kukla Teatrında şair-dramaturq Kəmalə Ağayevanın əsəri əsasında hazırlanan “Tıq-tıq xanım” tamaşasını göstərib. Tamaşanın quruluşçu rejissoru Xalq artisti Şirzad Abutalıbov, quruluşçu rəssamı NMR-in Əməkdar rəssamı Rəfael Qədimov, bəstəkarı Əli Məmmədovdur. Personajları Əfqanə Ələsgərova, İlqar Babayev, İbad Nəbiyev, İlham Babayev, Süleyman Süleymanov, Ulduz Süleymanova və Sənan Abutalıbov canlandırıblar.
Yeni il bayramı günlərində isə naxçıvanlı uşaqlara teatrın repertuarından “Qırmızıpapaq”, “Kələkbaz canavar”, “Turp” və başqa tamaşalar nümayiş olunub.
Teatrda V.Haqverdiyevin “Qarınqulu ayı balası” və C.Məmmədquluzadənin “Çay dəsgahı” əsərləri əsasında iki yeni tamaşanın hazırlıq işləri də yekunlaşmaq üzrədir.