Hər bir insanın həyata baxış bucağı fərqlidir. Şair və yazıçılar da həyata tamam ayrı bir pəncərədən baxırlar. Hadisə və faktları obrazlı şəkildə ifadə edən qələm adamları insanın estetik zövqünü cilalayır, onun mənəvi-əxlaqi baxımdan yetkinləşməsində, dünyagörüşünün zənginləşməsində rol oynayırlar.

Ötən il başlatdığımız “Mədəniyyətə könül verənlər” rubrikasını davam etdiririk. Bu dəfə şair, kitabxanaçı Nübar Eldarqızı (Fərəcova) haqqında söz açacağıq.

Nübar Fərəcova 1959-cu il dekabrın 10-da Sabirabad rayonunun Axtaçı kəndində anadan olub. Bakı şəhərində fəaliyyət göstərən N.K.Krupskaya adına Kitabxanaçılıq Texnikumunu bitirib. 1977-ci ildə Sabirabad rayonu Şıxsalahlı kənd kitabxanasında əmək fəaliyyətinə başlayıb. Daha sonra indiki Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mədəni-maarif işinin təşkilatçı metodisti ixtisası üzrə təhsil alıb. Hazırda Sabirabad rayonu Şıxsalahlı kənd kitabxanasının müdiri vəzifəsində çalışır.

Müsahibim kitabı, kitab oxumağı sevdiyi üçün bu sahədə işlədiyini söyləyir: “Uzun illərdir ki, kitabxanamızda oxuculara kitabı sevdirməyə çalışırıq. Hazırda kitabxanamızda 10 minə nüsxəyə yaxın kitab var. Oxucularımızın sayı 550 nəfərdir”.

Nübar xanım kitabxana sahəsində çalışmaqla yanaşı, uzun illərdir istedadlı qələm sahibi, şair kimi də tanınır. 2023-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan müsahibim hələ orta məktəbdə oxuduğu dövrdən yaradıcılığa maraq göstərib, ədəbi-bədii gecələrdə, müsabiqələrdə iştirak edib. İlk şeirini dördüncü sinifdə oxuyanda qələmə alıb: “Orta məktəbdə oxuyanda Əhməd Əliyev adlı müəllimimiz vardı. İlk şeirimi ona həsr eləmişdim. Dərc olunan birinci şeirim isə Vətən haqqında idi. 1977-ci ildə işıq üzü görüb”.

Xalq şairi Nəbi Xəzri ona yaradıcılıq xeyir-duası verib: “Şeirlərimi Nəbi müəllimə göndərib fikrini soruşdum. O isə Azərbaycan Radiosunda haqqında gedən bir verilişdə şeirimdən misal çəkərək məni təriflədi. Bəlkə də bu, mənim yaradıcılıqla bağlı tərəddüdlərimə son qoydu. ADMİU-da təhsil alarkən tələbə yoldaşım şair Fikrət Şahbazlının təkidi ilə Məmməd İsmayılın başçılıq etdiyi respublika gənclərinin ədəbi birliyinin məşğələlərinə getdik. O gün, demək olar ki, oradakı hər kəs şeirlərim haqqında çox gözəl fikirlər söylədilər. Bundan sonra “Gənclik”, “Ulduz”, “Azərbaycan” və digər jurnallarda, o dövrün aparıcı qəzetlərinin, demək olar ki, əksəriyyətində şeirlərim dərc edilirdi. “Dünyaya misra-misra baxıram” adlı televiziya verilişində haqqında söz açılan üç gənc şairdən biri də mən idim...”.

Şairin “Məni sevməsəniz” adlı ilk şeirlər kitabı 2003-cü ildə işıq üzü görüb. Həm dövri mətbuatda nəşr olunan yazıları, həm də kitabı haqqında ədəbi mühitin tanınmış imzaları öz rəylərini bildiriblər. Filologiya elmləri doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Ədəbi tənqid şöbəsinin müdiri Vaqif Yusifli “Yollar hara aparır” və “Qayıdış” adlı yazılarında, “Bu şəkil ona bənzəyir” adlı xülasədə Nübar xanımın yaradıcılığı haqqında fikirlərini söyləyib. Bundan başqa, şair, ədəbiyyatşünas Sərvaz Hüseynoğlu, şair Sabir Sarvan, şair-publisist, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli və başqaları da şairin yaradıcılığı haqqında yüksək fikirlər söyləyiblər.

2004-cü ildə Nübar xanımın sayca ikinci kitabı çap olunub. Müəllif kitab haqqında deyir: “Yaşadığım kənddə Seyid Həşim ağa adlı yaxşı bir qonşumuz vardı. Əsl el ağsaqqalı, bir sözü ilə küsülüləri barışdıran, örnək ailə başçısı. 2004-cü ildə onun haqqında publisistik bir kitab yazdım. Kitab sonradan bir neçə dəfə nəşr olundu”.

Bu kitabdan sonra müəllifin yaradıcılığında bir müddət fasilə yaranır. Səbəbini isə özü belə ifadə edir: “Düzdür, yaradıcılıq təbi olurdu, amma yazmırdım, mahnı kimi iş görə-görə öz-özümə oxuyurdum. Çünki iş, ailə-uşaq qayğıları imkan vermirdi. Düşünürəm ki, qadın yazarlar üçün yazıb-yaratmaq, doğrudan da, əsl fədakarlıq istəyir. 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsi məni yenidən yazmağa “məcbur” elədi. Xeyli sayda vətənpərvərlik ruhunda şeirlər qələmə aldım. Ölkəmizin bir sıra mətbuat orqanlarında, eləcə də “Krımın səsi” qəzetində və saytlarda şeirlərim işıqlandırıldı”.

Nübar xanım şeirlərində özünəməxsus, zəngin deyim-duyum nümayiş etdirir. 2021-ci ildə onun “Letargiya yuxusu” adlı sayca 3-cü kitabı işıq üzü görüb. Poemadan aşağıdakı misralara diqqət yetirək:

Nə oldu, ay dərdiş, yaman boğuldun,
Qosqoca dünyanın başı çiynində.
Sənə nə olmuşdu, şair doğuldun,
İndi gəl cənazə daşı çiynində...

Müəllif şairliyin böyük məsuliyyətini qeyd edir, dünyanın dərd-qəmini daşımağa “məhkum olduğunu” bildirir.   

Gələcək fəaliyyəti haqqında məlumat verən müsahibim yeni şeirlərdən ibarət kitab çap etdirməyi düşündüyünü deyir. Biz də ona işlərində və yaradıcılıq yolunda uğurlar arzulayırıq.

Nurəddin