Üzeyir Hacıbəylinin ölməz əsəri yenidən Türkiyə paytaxtında səhnəyə çıxır
Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəylinin şöhrəti dünyanı dolaşan “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrında növbəti dəfə tamaşaya qoyulub. Premyerası yanvarın 13-nə nəzərdə tutulan səhnə əsərinə Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev yeni quruluş verib. Rejissor bundan əvvəl 2003 və 2013-cü illərdə də Ankara teatrında “Arşın mal alan”ın quruluş müəllifi olub.
Əsərin mətn üzrə redaktoru Ankara Dövlət Opera və Balet Teatrının solisti və Hacettepe Universiteti Dövlət Konservatoriyasının müəllimi Şenol Talınlıdır.
O deyib: “Arşın mal alan” operettası Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində ilk dəfə 1985-ci ildə nümayiş etdirilib. Bunun ardından 2003-cü ildə teatr rəhbərinin müavini Bülənt Ateşoğlunun layihəsi əsasında əsər yenidən səhnəyə qoyuldu. O vaxt operettanın Azərbaycan dilində oynanması da Ateşoğlunun ideyası idi. Bundan sonra proses davam etdi və məsləhətləşmələrimizə başladıq. Türk və Azərbaycan dillərinin bənzərliyinə baxmayaraq, Türkiyə sənətsevərlərinin əsəri tam başa düşmələri üçün mətnin yazılmasına qərar verildi. Bunun ardından iki-üç həftə ərzində mən bu mətni hər iki dildə istifadə edilən sözlərin əsasında hazırladım və “Arşın mal alan” təxminən yetmiş faizi Azərbaycan dilindən ibarət bir libretto ilə yenidən Türkiyə tamaşaçısının qarşısına çıxdı”.
Qeyd edək ki, tamaşada arşınmalçı Əsgər obrazını Şenol Talınlı ifa edəcək. O bildirib ki, 2003-cü ildən səhnəyə qoyulan operettanın bütün tamaşaları anşlaqla keçib. Tamaşaya bilet tapmaq mümkün deyildi: “İndi olduğu kimi, o vaxt da əsərin rejissorluğu Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyevə həvalə edilmişdi. Orkestrin dirijorluğunu Mustafa Erdoğan etmiş, dekorasiya isə Yusuf Toker tərəfindən hazırlanmışdı. Sonra “Arşın mal alan” operettası eyni heyətlə 2013-cü ildə yenidən Türkiyədə səhnələşdirildi”.
Ş.Talınlı deyib: “Arşın mal alan” operettasının yanvarın 13-də keçiriləcək premyerası eyni dekorla və yenə Hafiz Quliyevin rejissorluğu ilə bir daha Ankara Dövlət Opera və Balet Teatrının səhnəsində nümayiş etdiriləcək. Ötən ilin dekabr ayında yenidən məşqlərimizə başladıq və çox böyük həvəslə davam edirik. Bu dəfə tamaşanın orkestr rəhbəri Rüstəm Rahmedovdur. Fikrimcə, çox gözəl alınıb. Artıq ilk iki tamaşa üçün nəzərdə tutulan bütün biletlər satılıb. Bu da bir əsrdən çox keçməsinə baxmayaraq, insanların dahi Üzeyir Hacıbəyli və dünyaca məşhur “Arşın mal alan” əsərinə olan marağının ən böyük göstəricisidir”.