Məşhur nağılın yeni səhnə yozumu

 

Xəbər verdiyimiz kimi, yanvarın 13-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Abdulla Şaiqin “Tıq-tıq xanım” adlı nağılı əsasında hazırlanan eyniadlı səhnə əsərinin premyerası olub.

Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmə müəllifi Əməkdar artist Nicat Kazımov, rejissoru Müşfiq Əliyev, rejissor assistenti Fuad Cavadzadə, rəssamı Mustafa Mustafayevdir. Rəqslərin quruluşu Tuncay Hüseynova, musiqi tərtibatı Zaur Rəşidova aiddir.

Məşhur nağılın yeni səhnə yozumu, fərqli, müasir üslubda hazırlanan tamaşa balacaların böyük marağına səbəb olub. Tamaşada aktyorlar Aydan Həsənzadə, Xəyalə Qasımova, Nuranə Hüseynova, Aybəniz Heydərova, Könül Əbilova, Fəridə Qurbanova, Ramil Şamiloğlu, Ramiq Nəsirov, Xaliq Bəkirov, İmran Qurbanov, Hilal Dəmirov, Ümman Budaqov, Nurlan Süleymanlı, Hüseyn Bayramov, İlhan Sadıqov iştirak ediblər.

Uşaqların sevimli nağıl qəhrəmanı Tıq-tıq xanım qayğıya, dostluğa, xoş münasibətə ehtiyacı olan, amma özünü sevən, lovğalıq edən böcəkdir. Günlərin birində o bəzənib-düzənib özünə dost axtarmağa yollanır. Onun arzuladığı dost Siçan bəy olur. Ancaq Tıq-tıqın xasiyyəti və söz dinləməməsi onların dostluğuna zərər vurur. Nağılda baş verən hadisələrin fonunda uşaqlara özündən razılığın, küskünlüyün xeyirli olmadığını, bu xüsusiyyətlərin insanları tənhalığa məhkum edə biləcəyi vurğulanır.