Yanvarın 31-də XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən şair, yazıçı, tərcüməçi, Əməkdar incəsənət xadimi Əli Tudənin (1924–1996) anadan olmasının 100 illiyi tamam olur.

Valideynləri Cənubi Azərbaycanda Ərdəbil vilayətinin Çanaxbulaq kəndindən olan Əli Tudə 1924-cü il yanvarın 31-də Bakı şəhərində dünyaya göz açmışdır. Nakam tale Əlini çox erkən yaşlarında gözüyaşlı qoymuş, bir yaşında atası, beş yaşı olanda isə anası dünyadan köçmüşdür. Bundan sonra Əli nənəsi Qəribin himayəsi altında böyümüşdür. Şəhadətnamədə adı Heydər, soyadı isə Rzazadə yazılan balaca Əli 1931-ci ildə keçmiş Sovet küçəsindəki “Bədəlbəyin məktəbi” deyilən 1 nömrəli məktəbdə oxumağa başlayır. 4-cü sinifdə 150 nömrəli məktəbdə təhsilini davam etdirir.

12 yaşında ovaxtkı Bakı Mərkəzi Pionerlər Evinə gələrək sarayın nəzdində şair Osman Sarıvəllinin rəhbərlik etdiyi ədəbiyyat dərnəyinə üzv yazılır. 1938-ci ildə Pionerlər evinin almanaxında “Oktyabr rayonu 150 nömrəli məktəbin yeddinci sinif tələbəsi Heydər Rzazadə” imzası ilə Əlinin iki şeiri şəkli ilə birgə çap edilmişdir. Bu imza ilə 1937-ci ildə onun “Sovet Konstitusiyası” şeiri “Kommunist”, “Vətən nəğməsi” şeiri isə “Yeni yol” qəzetlərində dərc olunmuşdur.

1938-ci ildə Bakıdan “iranlı” adı ilə Cənuba sürgün edilmiş şair yeniyetməlik dövründən inqilabi hərəkata qoşulmuşdur. O, yenidən dirçəlməyə başlamış milli-azadlıq hərəkatında fəal mübariz kimi vuruşmuşdur. İranda əvvəl Tudə (xalq – red.), sonra isə Demokrat partiyalarının fəal üzvlərindən biri olan Əli Tudə təkcə şair kimi yox, həm də Milli Hökumətin dövlət xadimi kimi ad-san qazanmışdır. Maarif Nazirliyinə şöbə müdiri təyin edilən Əli Tudə ana dili dərslik kitablarının tərtibində və çapında xüsusi rol oynayır. Sonra isə dövlət filarmoniyası yaradır və onun ilk və son müdiri olur. O, hökumətin “21 Azər” medalı ilə təltif edilmişdir. Məhz elə bu zaman 22 yaşlı Əlinin alovlu misraları ilə dolu kitabı Təbrizdə Azərbaycan dilində çapa hazırlanmışdı. Lakin Milli hökumət süquta uğradığından kitab mətbəədəcə yandırılmışdır.

***

Cənubi Azərbaycan demokratik ədəbiyyatının yaradılmasında müstəsna xidmətləri ilə yaddaşlarda qalan şair öz xalqının içində, Şimali Azərbaycanda yarım əsrdən çox mühacir damğası altında yaşamalı olmuşdur. Bütün həyatı qaçaqaç-qovhaqovda, qadağalarda keçmiş şair illərlə gah Şimalda, gah da Cənubda məskunlaşaraq ağır mühacir ömrü sürmüş və bu həyatı “ayrılıq imtahanı” adlandırmışdır.

Cənub ədəbi prosesinin fəal iştirakçısı olmuş Əli Tudə istər Şimalda, istərsə də Cənubda sevilə-sevilə oxunan ədəbiyyat fədaisi idi. Mübariz ruhlu poeziya şairin əsərlərinin canı, qanı, şah damarıdır. O, odlu-alovlu dövrün əlamətdar yaradıcılıq hadisəsi sayılan inqilabi ruhlu şeirləri ilə xalqı hər an azadlıq uğrunda mübarizəyə ruhlandırmışdır.

Yeniyetmə Əli Cənub kəndlilərinin ağır və məşəqqətli həyatına acıyırdı. Bir dəfə o, bu qəbildən olan “Cütçü” şeirini yazır və ilk dəfə onu nənəsinə oxuyur. Bu şeirdə əkib-biçən, zəhmətə qatlaşan insanlara təlqin olunur ki, üsyan qaldırıb haqqını tələb etmək, “ağalıq qəsrini dağıtmaq” lazımdır:

...Əgər istəsən ki, təmin olasan,
Torpaqla, məhsulla, suyla, toxumla,
Xışı at... kotan tap, nəhəng bir kotan,
Qabaqca ağalıq qəsrini şumla!

İllər uzunu doğmalarına, əzizlərinə həsrət qalan siyasi mühacir varlığı ilə xalqına bağlı idi. Bütün ömrünü gah silah, gah da söz mübarizəsinə həsr etmişdi. Çoxlarının qorxu-ürküdən, tutatutdan öz canını qorumaqdan ötrü ağzını açıb bir kəlmə belə danışa bilmədiyi dövrdə gənc Əli şah rejiminə qarşı çıxmış, ağzından od-alov püskürə-püskürə gah səngərdə, gah da kütlə içərisində vuruşmuşdu: əlində silah, dilində “Vətən” kəlməsi.

Əli Tudə milli oyanış və milli özünüdərk prosesində qətiyyətli və mübariz bir gənc idi. Bu illərdə o, Cənubda nəşr olunan “Ziddi-faşist”, “Vətən yolunda”, “Azərbaycan” qəzetlərində, “Şairlər məclisi”nin almanaxlarında və digər mətbu nəşrlərdə müntəzəm olaraq bədii yazılarla çıxış edirdi. O, “Şairlər məclisi” adlanan ədəbi dərnəyin fəal üzvlərindən idi. 1945-ci ildə Təbrizdə “Vətən yolu” qəzeti yanında təsis edilən “Şairlər məclisi” təkcə Təbrizdə deyil, Tehran, Ərdəbil, Mərənd, Sərab və Urmiyada, Cənubi Azərbaycanın və İranın digər şəhərlərində Azərbaycan dilində yazıb-yaradan 40-dan artıq yazıçını birləşdirmişdi. Cənubi Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus iz salmışdır.

İranda milli-azadlıq hərəkatı şah qüvvələri tərəfindən boğulandan, Seyid Cəfər Pişəvərinin yaratdığı Milli Hökumət dağıdılandan (1946) sonra Əli Tudə yenidən mühacirət edir, Bakıya dönür. Məhz bundan sonra onun həyatının yeni – Bakı mərhələsi başlayır.

***

Poeziyasında Vətən və ayrılıq motivləri üstünlük təşkil edən Əli Tudə həm də Azərbaycan təbiətinin əsrarəngiz gözəlliklərini, insanın sevgi duyğularını vəsf edən xeyli sayda əsərlərin müəllifidir. O, ana, Vətən, təbiət, məhəbbət, dostluq, birlik, azadlıq, insanpərvərlik kimi nəcib bəşəri duyğuları bütün əsərlərində nəzərə çarpdırmışdır. Kitablarının əksəriyyəti şeir və poemalardan ibarət olsa da, şair qələmini nəsrdə də müvəffəqiyyətlə sınamışdır.

Müəllifin “Vətən parçası” povesti orijinallığı, ideya-bədii məzmunu etibarilə fərqli xüsusiyyətlərə malikdir. Xatirə-povest təsiri bağışlayan əsər proloqdan, 9 hekayədən və epiloqdan ibarətdir. Hadisələr Milli Hökumət dövründə Təbrizdə cərəyan edir. Lirik qəhrəman Əli Tudənin özüdür; əsas süjet xətti Təbriz Dövlət Filarmoniyasının müdiri olarkən məhz onun ətrafında qurulmuşdur. Söhbət vətənpərvər, qeyrətli, ziyalı Vətən oğullarından gedir. Əsərdə Nəzərin timsalında zəhmətkeş insan, sakit və ağır təbiətə malik, təmiz vicdanlı ata və vətənpərvər ziyalı obrazı yaradılmışdır.

Xalq inqilabının qələbəsini, Milli Hökumətin yaradılmasını ürəkdən alqışlayan ədəbi qəhrəmanın şeirlərində əsasən milli hakimiyyət tərənnüm edilir. Əli Tudə nisgilli şairin doğma ana dilində yazılmış şeirlərini sonradan müxtəlif qəzetlərdə ön sözlə birlikdə çap etdirə bilir.

Canlı həyat, sadə danışıq tərzi, təmiz dil və anlaşıqlı üslub, hamının dərk edə biləcəyi fikir və ifadə, nəhayət, səmimiyyət Əli Tudə əsərlərinin mayasını təşkil edir. Bu əsərlər şifahi xalq ədəbiyyatından, qədim adət və ənənələrimizdən bəhrələnmiş, ən başlıcası isə milli özünüdərk təfəkkürünə söykənən bir xətdən keçmişdir. Onun hekayələrinin süjeti, yəqin ki, elə öz həyatından götürülmüşdür. Çünki nəsr əsərlərinin əksəriyyətini ömrü mübarizələrdə keçmiş bir Azərbaycan türkünün (məhz elə Əli Tudənin) həyat tarixçəsi adlandırmaq daha düzgün olardı.

Əsərlərində xalq ruhundan bəhrələnən, sadə danışıq leksikonundan tez-tez istifadə edib onu bədii dilə uyğunlaşdırmağa çalışan və buna müvəffəq olan Əli Tudə, hər şeydən öncə, doğma Vətən torpağını, onun çaylarını, daşlarını, çəmənliklərini, yaylağını, dağlarını, bulaqlarını uşaq səmimiyyətilə sevən, bu yurdun gözəlliklərinə, onun insanlarına qəlbən vurulan ədəbiyyat fədaisi olmuş, hisslərini bədii təsvirlərlə qələmə almışdır.

Əli Tudənin nəsr əsərləri xarakterik xüsusiyyətləri ilə yaddaşlarda qalır, səmimiyyəti ilə sevilir, tarixiliyi ilə diqqət çəkir. Azərbaycançılıq təfəkkürü ilə yanaşı şərqlilik ab-havasının hökm sürdüyü bu əsərlərin ədəbi-bədii qayəsi müasir oxucunu düşünməyə vadar edir, onun mənəvi tələbatını ödəyə bilir.

***

Əli Tudə bədii yaradıcılığında dil məsələlərinə xüsusi fikir vermişdir. O deyirdi: “Hər xalqın mədəniyyət xəzinəsindəki ən qiymətli inci ana dilidir. Bu parlaq inci öz əlvan şəfəqlərilə xalqın coğrafi, iqtisadi, siyasi həyatının bütün yollarını işıqlandırır. Dil xalqın ən böyük, ən müqəddəs, ən nadir sərvətidir”. Şair xüsusi vurğulayırdı ki, ana dilimizin saflığını qoruyub saxlamalıyıq. O, əsərlərində dilimizi yabançı söz və ifadələrdən qorumağı qarşıya məqsəd kimi qoymuş, demək olar ki, buna tamamilə müvəffəq olmuşdur. Cənubda yaşayan soydaşlarımızın əksəriyyətinin yaradıcılığında yabançı söz və qarışıqlarından geninə-boluna istifadə olunsa da, Əli Tudədə buna, demək olar ki, rast gəlinmir. Təsadüfi deyildir ki, Cənubda nəşr edilən ilk ana dili dərsliyinin müəlliflərindən biri də məhz Əli Tudə olmuşdur. Belə bir dərsliyin işıq üzü görməsini ovaxtkı mütərəqqi Azərbaycan mətbuatı böyük fərəh hissi ilə geniş şəkildə işıqlandırmışdır. Doğrudan da, çox böyük bir tarixi hadisə olan anadilli kitablarımızın nəşr edilməsi, çoxlu sayda qəzet və jurnalların işıq üzü görməsi, dövlət idarələrində doğma dilimizdə olan qanunların işləməsi şah rejiminin Azərbaycandilli məktəbləri bağlamasına, ictimai yerlərdə bu dildə danışmağın belə qadağan edilməsinə tutarlı cavab idi. Şahlıq üsuli-idarəsinin hökmü ilə yaradılan bədnam yasaqların aradan qaldırılması mütərəqqi ideyaların yayılmasına təkan vermişdi. Bu hadisədən ruhlanan Azərbaycanın qeyrətli, təəssübkeş şair və yazıçıları ilhama gəlmiş, könülləri riqqətə gətirən əsərlər yaratmışlar. Bu əsərlərdə minillik tarixi olan ana dilimizin Cənubi Azərbaycanda özünün layiqli yerini tutması alqışlanırdı.

***

Əli Tudə bədii tərcümə ilə də məşğul olmuş, 1962-ci ildə Vilyam Şekspirin, 1963-cü ildə isə Rabindranat Taqorun “Seçilmiş əsərləri”ni dilimizə tərcümə etmişdir. O, müxtəlif illərdə fars şairi Jalənin, gürcü şairi Revaz Marqnaninin, türkmən şairi Ata Atacanovun, qırğız şairi Birikul Alıbayevin şeirlərini də doğma dilimizə çevirib çap etdirmişdir.

Ümumiyyətlə, Əli Tudənin əsərləri özünəməxsus cəhətləri ilə fərqlidir. Dönməz və döyüşkən ruhlu şairin bütün digər əsərlərində olduğu kimi, müxtəlif səpkili poeziya nümunələrinin də lirik “mən”i səmimi və mehriban olduğu qədər məhz mübarizliyi və yolundan dönməzliyi ilə seçilir.

Ağahüseyn Şükürov
filologiya üzrə fəlsəfə doktoru, dosent