Elvin Xoca Qəniyev: “Şuşada da konsert vermək istəyirəm”

 

Xəbər verdiyimiz kimi, azərbaycanlı virtuoz skripka ifaçısı, Əməkdar artist Elvin Hoca Qəniyev  fevralın 2-də Moskvada, “Zaryadye” konsert salonunda ilk dəfə çıxış edib.

Gənc musiqiçi P.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrinin müşayiəti ilə görkəmli Türkiyə bəstəkarı Ülvi Camal Erkinin (1906–1972) skripka üçün konsertini və amerikalı bəstəkar Frans Vaksmanın (1906–1967) J.Bizenin “Karmen” operası mövzularında “Fantaziya”sını ifa edib.

Konsertin çoxsaylı dinləyiciləri arasında Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan və Türkiyə səfirliklərinin əməkdaşları, diaspor təmsilçilərimiz də olub.

Həmvətənimizin çıxışı sürəkli alqışlarla qarşılanıb.

İfaçı Rusiya paytaxtının möhtəşəm konsert salonunda P.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestri ilə eyni səhnəni bölüşməkdən qürur duyduğunu qeyd edib. “Bu konsertə çox böyük səylə hazırlaşırdım. Orkestrin də Erkinin musiqisini dərindən duyduğunu hiss etdim. Dirijor Marius Stravinskinin Erkinin əsərinin ifasına intellektual yanaşması məni valeh etdi. Tamaşaçılar arasında azərbaycanlılar və türkləri görməkdən, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun təbriklərini qəbul etməkdən çox məmnun qaldım”, – deyə o jurnalistlərə açıqlamasında bildirib.

Elvin Xoca Qəniyev Bakıda, Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsertlərlə çıxış etməyi planlaşdırdığını qeyd edib: “Azərbaycan bəstəkarlarının skripka üçün bütün əsərlərindən ibarət silsilə disklər buraxmağı da düşünürəm. Bunun üçün mükəmməl akustikaya malik konsert zalı və müasir studiya olmalıdır. Ehtimal ki, konsertləri hazırda təhsil aldığım Almaniyada lentə alacağam”.

Elvin Xoca Qəniyev Qarabağa səfər etməyi, Şuşada konsert verməyi arzuladığını da dilə gətirib: “Babam (mərhum Xalq artisti, görkəmli skripka ifaçısı Sərvər Qəniyev – red.)  əslən Şuşadandır. Təəssüf ki, hələlik Şuşaya getmək imkanım olmayıb. Çox istərdim Azərbaycan incisi Şuşada Qara Qarayevin skripka və orkestr üçün konsertini ifa edim. Bu əsərdəki qəhrəmanlıq motivləri və mübarizlik ruhu, düşünürəm ki, azad Qarabağın tarixi və bu günü ilə bahəm səslənəcək”.

Qeyd edək ki, ailəsi ilə Türkiyədə yaşayan 27 yaşlı Elvin Hoca Qəniyev indiyədək David Oystrax, Qenrik Venyavski, Karol Lipinski, Yaşa Xeyfes adına və digər nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olub. Berlində beynəlxalq müsabiqənin (2018) qızıl medalına layiq görülüb. Hannover Musiqi, Dram və Media Universitetində magistr təhsili alan ifaçı 2018-ci ildə (21 yaşında) Azərbaycanda “Əməkdar artist” fəxri adına layiq görülən ən gənc sənətçi olub.