Bölgələrdəki mədəniyyət müəssisələrində 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə müxtəlif tədbirlər təşkil edilib.

Sumqayıt Gənclər Kitabxanasında Gənclər Günü ilə əlaqədar diskussiya keçirilib. Çıxış edənlər bu günün yaranma tarixi, Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi barədə söz açılıb. Tədbir gənclərlə aparılan sual-cavablarla davam edib.

***

Biləsuvar Gənclər evində Gənclər Gününə həsr edilən tədbir keçirilib. Rayonun icra başçısının müavini Ləman Yüzbaşova, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov və başqaları çıxış edərək əlamətdar gün münasibətilə gəncləri təbrik ediblər. Çıxışlarda  rayon gənclərinin ölkənin hərbi, sosial-iqtisadi, ictimai-siyasi və digər sferalarda layiqincə təmsil olunması xüsusi qeyd edilib. Tədbir konsert proqramı ilə davam edib.

Şirvan-Salyan RMİ-nin tabeliyindəki Şirvan, Salyan, Biləsuvar, Hacıqabul Heydər Əliyev mərkəzləri, Salyan, Biləsuvar Tarix-Diyarşünaslıq muzeyləri, Şirvan, Neftçala Dövlət Rəsm qalereyaları və Şirvan şəhər Mədəniyyət Mərkəzində Gənclər Günü münasibətilə “açıq qapı” təşkil olunub. Həmçinin mədəniyyət müəssisələrində əlamətdar günə həsr olunan tədbirlər, görüşlər, konsertlər və intellektual oyunlar təşkil edilib.

***

Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Gənclər Günü ilə əlaqədar olaraq konsert proqramı təşkil edilib. Məktəbin şagird və müəllim kollektivi tərəfindən görkəmli bəstəkarların əsərləri səsləndirilib.

***

Quba Tarix-Diyarşünaslıq Muzeyində Gənclər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə, Gənclər Gününə həsr olunmuş videoçarx nümayiş olunub. Tədbirdə 30 il işğal altında qalan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizin, öz sağlamlıqlarını vətən uğrunda fəda edən qazilərimizin qəhrəmanlıq və vətənpərvərliklərindən, gənc idmançılarımızın dünya arenasında Azərbaycan bayrağını daim yüksəklərə qaldırmalarından bəhs edilib. Tədbirdə iştirak edən şəhid ailələrinin gənc üzvlərinə, qazilərimizə və digər gənclərə muzeyin rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr verilib.

Siyəzən rayon Heydər Əliyev Mərkəzində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi ilə birgə “İstedadlı gəncliyimiz” adlı sərgi keçirilib. Mərkəzin sərgi salonunda təşkil olunan sərgidə yaradıcı və fiziki məhdudiyyətli gənclərin təsviri sənət və əl işlərindən ibarət əsərləri nümayiş etdirilib.

***

Şəki-Zaqatala RMİ-nin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Şəki rayon komitəsinin dəstəyi ilə Şəki şəhər Heydər Əliyev Mərkəzində “Mən həmişə gəncəm – 2” adlı intellektual-əyləncəli yarışma keçirilib. Yarışa “Şəki”, “Oğuz”, “Qəbələ”, “Qax”, “Zaqatala” və “Balakən” komandaları qatılıblar. “Şəki” komandası yarışın qalibi olub. Qalib komandanın üzvlərinə Şəki-Zaqatala RMİ və MİHİ Şəki rayon komitəsinin fəxri fərmanları təqdim edilib.

***

Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Mərkəzi Aran RMİ, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi Ağdaş rayonu üzrə sektorunun təşkilatçılığı ilə Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilib. Çıxışlarda qeyd edilib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə xüsusi diqqət və qayğı ilə yanaşan Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı müvafiq sərəncamla fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Tədbirdə rayonun bir qrup fəal gənci fəxri fərmanla təltif olunub. Sonra Ağdaş rayon Mədəniyyət Mərkəzinin kollektivi tərəfindən konsert proqramı təqdim edilib.

Əlamətdar gün münasibətilə Mərkəzi Aran RMİ-nin tabeliyində fəaliyyət göstərən muzey müəssisələrində “açıq qapı” elan edilib. Gənclər Heydər Əliyev mərkəzlərini, Tarix-Diyarşünaslıq və ev-muzeylərini ziyarət ediblər.

***

Mil-Muğan Regional Gənclər və İdman İdarəsi, Mil-Muğan RMİ, Mil-Muğan Regional Təhsil İdarəsi də birgə tədbir keçirib. Sabirabad rayonu icra başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan RMİ-nin rəisi Faiq Xudanlı və başqaları çıxış edərək gəncləri bayram münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.

Çıxışlardan sonra Mil-Muğan Regional Gənclər və İdman, Mədəniyyət və Təhsil idarələri arasında qarşılıqlı əməkdaşlığı nəzərdə tutan niyyət protokolu imzalanıb. Sabirabad, Saatlı, İmişli və Beyləqan rayonlarının daxil olduğu Mil-Muğan regionunun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm və mədəniyyət sahələrində fərqlənən gənclər fəxri fərman və “İlğım” şirkətinin hədiyyələri ilə təltif olunublar.

Tədbirin bədii hissəsində Mil-Muğan RMİ-nin təşkil etdiyi proqram təqdim olunub. Şair Şəhriyar del Gerani şeirlərini oxuyub, musiqiçilər Məhəbbət Səfərov, Sənani Səfərli, Həsən Həsənov, Mərhəmət Ağalarova ifaları ilə tədbirə rəng qatıblar. Əhmədabad kənd Mədəniyyət evinin “Axıska” folklor kollektivi rəqs nömrələri ilə çıxış edib.

***

Gənclər Günü münasibətilə Qəni Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mərkəzində disput keçirilib. Azərbaycan gənclərinin vətənpərvərliyi mövzusu ətrafında fikir mübadiləsi aparılıb. Sonda hərbi vətənpərvərlik mövzulu “Hadrut, sən azadsan!” filmi nümayiş olunub.

Lerik rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Nə? Harada? Nə zaman?” adlı intellektual bilik yarışı keçirilib. “Çıraq“ komandası I yerə layiq görülüb. İştirakçı komandalar diplomla təltif olunublar.

Masallı Dövlət Rəsm Qalereyasında isə “Əli fırçalı gənclər” adlı rəsm sərgisi təşkil edilib. İki gün davam edən sərgidə rayonun gənc rəssamlarının əl işləri nümayiş olunub.

***

Azərbaycan Gəncləri Günü münasibətilə Qazax-Tovuz və Şərqi Zəngəzur RMİ-lərin tabeliyində fəaliyyət göstərən müəssisələrdə də tədbirlər keçirilib. Çıxış edənlər Ümummilli liderin əsasını qoyduğu gənclər siyasətinin ölkəmizdə uğurla davam etdirildiyini, hazırda Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclərin yetişdiyini vurğulayıblar. Tədbirlərdə bir qrup fəal gəncə fəxri fərmanlar təqdim edilib.

Hazırladı: N.Məmmədli