Xəbər verdiyimiz kimi, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilib. Bu seçkilər Azərbaycanın müstəqillik tarixində ilk dəfə ölkənin bütün ərazisini əhatə edib. 30 illik həsrətdən sonra Qarabağ və Şərqi Zəngəzura – doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlər, eyni zamanda həmin ərazilərdə dövlət tərəfindən aparılan yenidənqurma və bərpa işlərində iştirak edən vətəndaşlarımız səs veriblər.

Seçki günündə əsas diqqət Xankəndi şəhərinə yönəlib. 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsində həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı ilə erməni separatçı və terrorçularından təmizlənən Xankəndi şəhərindəki 122 saylı seçki dairəsinin 14 saylı məntəqəsi qapılarını şanlı Zəfərimizin memarı, Ali Baş Komandan, Prezident İlham Əliyevə və ailə üzvlərinə açıb. Dövlət başçısı və ailə üzvlərinin Xankəndi şəhərində səs verməsi böyük tarixi-siyasi məna kəsb edirdi. Çünki müzəffər Ali Baş Komandan ötən ilin 15 oktyabr tarixində Xankəndidə bayrağımızı ucaltmaqla respublikamızın 86,6 kvadrat kilometr ərazisində suverenliyimizin tam bərpa olunduğunu bütün dünyaya göstərdi.   

***

Növbədənkənar prezident seçkiləri 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Şuşa şəhərində yaradılmış 105 saylı seçki məntəqəsində seçicilərin yüksək fəallığı ilə keçib. Səhər saatlarından Şuşa şəhər 1 nömrəli tam orta məktəbin binasındakı 105 saylı seçki məntəqəsinə üz tutan seçicilər konstitusion hüquqlarından istifadə edərək səs veriblər.

***

Zəngilan rayonunun Ağalı kəndində seçicilər yüksək əhval-ruhiyyə ilə seçkiyə qatılıblar. 125 saylı Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad edilən Zəngilan ərazisindəki məntəqələrdən olan 33 saylı seçki məntəqəsi Ağalı kənd tam orta məktəbində fəaliyyət göstərib.

DSK sədri Əli Mönsümovun verdiyi məlumata görə, məntəqə üzrə 1000-ə yaxın seçici qeydə alınıb ki, onlardan 600-dən çoxu Ağalı kəndində yaşayan sakinlərdir. Həmçinin 33 saylı seçki məntəqəsinə yaxın ərazilərdə çalışan vətəndaşlar da bu məntəqədə səsvermə hüququndan istifadə ediblər.

Zəngilan-Qubadlı seçki dairəsi üzrə işğaldan azad olunan digər məntəqələrdə də fəallıq müşahidə edilib. Zəngilanın Alıbəyli kəndi ərazisində yerləşən 61 saylı seçki məntəqəsində seçki keçirilib. Məntəqə üzrə ümumilikdə qeydiyyata alınan 615 seçici rayon ərazisində çalışan işçilərdir.

***

Suqovuşan qəsəbəsində yaradılan 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsində də səsvermə keçirilib.

Bu məntəqəyə həm rayonun Talış kəndinin sakinləri, həm də Suqovuşan qəsəbəsində tikintidə çalışanlar gələrək 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə keçirilən prezident seçkilərində böyük qürur və sevinc hissi ilə səs veriblər.

Talış kənd sakinləri 91 yaşlı Ömərov Paşa Ömər oğlu və həyat yoldaşı, 86 yaşlı Ömərova Ulduzxan Məhəmməd qızı səhhətləri ilə əlaqədar məntəqəyə gələ bilmədiklərinə görə 97 saylı Tərtər-Naftalan- Goranboy seçki dairəsinin 58 saylı seçki məntəqəsinin əməkdaşları tərəfindən onların evinə daşınan seçki qutusu aparılıb. Hər iki ahıl konstitusion hüquqlarından istifadə edərək layiq bildikləri namizədə səs veriblər.

***

İşğaldan azad olunduqdan sonra sürətlə yenidən qurulan Füzuli şəhərində də seçki həyəcanı yaşanıb. Ötən ilin avqust ayında doğma yurda qayıtmış keçmiş məcburi köçkünlər böyük fərəh hissi ilə şəhərdə yaradılmış 3 məntəqədə səs veriblər. Hazırda Füzuli şəhərinin yenidən qurulmasında iştirak edən inşaat işçiləri də seçki hüququndan yararlanıblar.

***

Növbədənkənar prezident seçkiləri işğaldan azad olunan Cəbrayılda da seçicilərin aktivliyi ilə keçib. 120 saylı Cəbrayıl-Qubadlı DSK-nın sədri Musa Quliyevin verdiyi məlumata görə, dairədəki 83 seçki məntəqəsi üzrə, ümumilikdə, 55 mindən artıq seçici qeydiyyata alınıb. Cəbrayıl şəhəri ərazisində fəaliyyət göstərən 80 saylı seçki məntəqəsində və rayonun Soltanlı kəndi ərazisindəki Araz Vadisi İqtisadi Zonasındakı 81 saylı seçki məntəqəsində 1500 nəfərdən artıq seçici səs verib. Qeydə alınan seçicilər işğaldan azad olunan ərazilərin yenidən qurulmasında iştirak edən şəxslərdir.

Bildirilib ki, dairə üzrə 11 məntəqə Biləsuvar rayon ərazisindəki məcburi köçkün şəhərciyində, bir seçki məntəqəsi Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi ərazisində, qalan seçki məntəqələri isə respublikanın 54 rayon və şəhərində yerləşir.

***

İşğaldan azad olunmuş Laçın şəhərindəki 105 saylı seçki məntəqəsində seçici fəallığı müşahidə olunub. Laçın şəhərində, ümumilikdə, 5 seçki məntəqəsi fəaliyyət göstərib. Bunlardan 3-ü şəhərin mərkəzində, digər 2 məntəqə isə Zabux və Qorçu kəndlərindədir.

Zabux kəndindəki 121 saylı Laçın DSK-nın 108 saylı seçki məntəqəsində ərazidə tikinti-quruculuq işlərində çalışan vətəndaşlar da səs veriblər. Məntəqə üzrə 1494 seçici qeydiyyata alınıb ki, onlardan da 549 nəfəri Zabux sakinidir.

***

Növbədənkənar prezident seçkiləri Xocalı rayonu ərazisində iki məntəqədə keçirilib. 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin 106 saylı məntəqəsi Xocalı rayonunun Təzəbinə kəndində, 107 saylı məntəqəsi isə Əsgəran qəsəbəsində yaradılıb.

Səsverməyə qatılan seçicilər məntəqələrdə yaradılan şəraitdən razılıq edib, işğaldan azad edilmiş ərazidə səs verdikləri üçün qürur hissi keçirdiklərini dilə gətiriblər.

***

Növbədənkənar prezident seçkiləri Ağdam rayonunun işğaldan azad edilmiş ərazilərində 118 saylı seçki dairəsinin üç məntəqəsində keçirilib. 57 saylı məntəqə Ağdam şəhərində yeni istifadəyə verilmiş Konqres Mərkəzində, 58 saylı məntəqə “Azərenerji” ASC-nin binasında, 59 saylı məntəqə isə Kəngərli kəndində təşkil edilib.

***

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılmış 108 saylı seçki məntəqəsində də seçici fəallığı müşahidə olunub. Məntəqə üzrə qeydə alınan 500-dən çox seçici səhər saatlarından etibarən seçki məntəqəsinə gəlib öz konstitusion hüquqlarından istifadə ediblər.

***

Prezident seçkiləri işğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Ağdərə şəhərində də yüksək səviyyədə təşkil edilib. 97 saylı Tərtər-Naftalan-Goranboy seçki dairəsinin Ağdərə şəhərindəki 59 saylı seçki məntəqəsinin sədri Mahir Səmədov bildirib ki, məntəqədə seçkilərin şəffaf və demokratik keçirilməsi üçün hər cür şərait yaradılıb. Seçicilər fevralın 7-si səhər saatlarından başlayaraq məntəqəyə gəlib, sərbəst və azad şəkildə öz vətəndaşlıq borclarını yerinə yetiriblər.

Bildirilib ki, Tərtər-Naftalan-Goranboy seçki dairəsi üzrə iki seçki məntəqəsi işğaldan azad edilmiş ərazilərdə yerləşir. 58 saylı seçki məntəqəsi Suqovuşan qəsəbə tam orta məktəbində, 59 saylı seçki məntəqəsi isə Ağdərə şəhər Mədəniyyət evində yaradılıb.

Hazırladı: N.Məmmədli