Azərbaycanda milli kinematoqrafiya və səhnə sənətinin inkişafında əməyi olan aktyorlardan biri də Xalq artisti Muxtar Avşarovdur. Görkəmli sənətkar səhnədə və ekranda yaratdığı obrazlarla böyük tamaşaçı sevgisi qazanıb. Unudulmaz aktyoru anadan olmasının 110 illiyi münasibətilə yada saldıq.
Muxtar Həsən oğlu Avşarov 16 fevral 1914-cü ildə İrəvan şəhərində dünyaya göz açır. Uşaq ikən erməni millətçilərinin soydaşlarımıza qarşı həyata keçirdikləri qırğınların şahidi olur. Avşarovlar ailəsi itkilərə məruz qalır, mənəvi sarsıntı yaşayırlar. Bu ağlasığmaz faciə Muxtarın qəlbində dərin iz buraxır. Çətin vəziyyətə düşən ailənin salamat qalan üzvləri Türkiyəyə pənah aparır. Bir müddət sonra geri dönür və Gəncə şəhərində məskunlaşırlar. Muxtar 1922-ci ildə Gəncə şəhərində dəmiryolçular məktəbində təhsilə başlayır. Orta təhsilini başa vurduqdan sonra babasının təşəbbüsü ilə sənədlərini Bakıda peşə məktəbinə verir. O, asudə vaxtlarında Dəmiryolçuların Mədəniyyət evinə gedir. Ağasəlim Manaflının dram dərnəyində aktyor kimi səhnəyə çıxır. Çox keçmir həmin dərnəyə görkəmli aktyor Ülvi Rəcəb rəhbərlik edir. M.Avşarov ilk sənət təhsilini ondan alır. 1933-cü ildə peşə məktəbini bitirir və Gəncəyə qayıdır. Şəhərin parovoz deposunda maşinist köməkçisi kimi işə düzəlir. Eyni zamanda “Dəmiryolçular teatrı”nda aktyor olaraq fəaliyyətini davam etdirir, Həbib İsmayılov və Rza Sarabski kimi rejissorların hazırladıqları bir neçə tamaşada baş rollarda çıxış edir. Onun teatra həvəsi rəhbərliyin diqqətini çəkir. 1936-cı ildə Moskvaya iki aylıq mədəni-maarif kursuna göndərilir. Kursu bitirdikdən sonra Gəncə Mədəniyyət evində kütləvi işçi vəzifəsinə təyin edilir. Bir müddət sonra Gəncə Dövlət Dram Teatrına dəvət olunur. Cəlil Məmmədquluzadənin “Ölülər” əsərində Hacı Kazım rolunda ilk dəfə peşəkar səhnəyə çıxır. Sonralar Səməd Vurğunun “Vaqif”, Cəfər Cabbarlının “Nəsrəddin şah”, “Yaşar”, “1905-ci ildə”, “Almaz” tamaşalarında rol alır.
1941-ci ildə faşist Almaniyasının SSRİ üzərinə hücum etdiyi vaxtlarda ictimai yerlərdə Gəncə şəhərinin adının dəyişdirilərək “Kirovabad” qoyulmasına və Gəncə teatrının Lavrenti Beriyanın adını daşımasına etiraz edir. Buna görə də həbs edilir. Beş il həbs cəzası çəkdikdən sonra azadlığa buraxılır, teatra qayıdır. Həmin vaxt Gəncə teatrında S.S.Axundovun “Eşq və intiqam” əsəri tamaşaya qoyulur və ona tapşırılır. Tamaşanın nümayiş olunduğu günün sabahısı aktyor işdən azad edilir. Səbəb isə sadə idi – o, ictimaiyyət arasında olmamalıdır.
Bir müddət işsiz qalan M.Avşarov dəyirmanda fəhlə işləyir. Stalinin ölümündən (1953) sonra yenidən Gəncə teatrında fəaliyyətini davam etdirir. 1960-cı ildə “Əməkdar artist” fəxri adına layiq görülür. Görkəmli sənətkar 1968-ci ildə Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət olunur və qısa müddətdə kollektivlə qaynayıb-qarışır.
Onun aktyor məharəti kinorejissorların diqqətindən yayınmır. Kinoya gəlişində görkəmli rejissor Hüseyn Seyidzadənin xüsusi rolu olub. Bu barədə xatirələrində deyirdi: “1960-cı il idi, Gəncə teatrında çalışırdım. Bir gün mənə dedilər ki, səni Bakıdan gələn Hüseyn Seyidzadə soruşur. Getdim, xoş-beşdən sonra rejissor mənə dedi ki, səni “Yenilməz batalyon” filminin sınaq çəkilişlərinə çağırmışam. Məni “uryadnik” və bandit rolunda yoxladı. Sonra məlum oldu ki, bandit roluna təsdiq olunmuşam...”.
M.Avşarov çəkildiyi filmlərdə kaskadyor işlərinin öhdəsindən də məharətlə gəlib. “Dəli Kür” filminin çəkilişlərini belə xatırlayıb: “Filmdə çətin tryuklar var idi. Bunun üçün də Moskvadan kaskadyorlar dəvət olunmuşdu. Gününə 50 rubl verilirdi. Bir gün rejissora dedim: “Hüseyn (Seyidzadə – red.), qadan alım, mən kəndli balasıyam. At sürməyi çox gözəl bacardığım üçün kaskadyorun işini də yerinə yetirə bilərəm. Necə olur ki, mənim günümə 25 rubl verirsən. Ancaq kaskadyorun gününə – bir dəfə atdan hoppanmağına 50 rubl verirsən. Bir halda ki, bacarıram, onun işini mən görə bilərəm”. Cavabında belə dedi: “Mən aktyora kaskadyor işini gördürə bilmərəm. Axı bunun yıxılmağı da var. Yıxılıb zədələnsən, sənin öz işini kim görəcək”. Beləcə, imkan vermədi. Ancaq mən də özümə görə olmamışam. Çəkiliş vaxtı fasilə elan olundu. Hüseyn Seyidzadə dincəlməyə getdi. Bundan istifadə edərək mənimlə çəkilən tərəf-müqabillərimin yanına gəldim. Dedim ki, bəs, mən atımı minib çapacağam. Siz də o zaman Hüseyn Seyidzadəyə xəbər verin. Operatora da əvvəlcədən xəbərdarlıq etdim ki, atla edəcəyim tryuku çəkər və mənə verərsən... Mən atı sürətlə çapmağa başladım. Hüseyn Seyidzadəyə yaxınlaşan zaman atı yıxdım. Özüm də ondan bir neçə metr aralı tullanaraq tüfəngi əlimə aldım. Bunu görən rejissor bərk hirsləndi və “pəhləvanlıq edirsən”, dedi. Rejissorun mənə acığı tutsa da, məndən incisə də, həmin səhnə lentə alındı. Vaxt gəldi, çəkiliş başa çatdı. Film Moskvaya aparıldı. Ancaq film qəbul edilmədi. Filmin finalının dəyişdirilməsi tapşırıldı. H.Seyidzadə geri qayıdan kimi dedi ki, sən mənə lazımsan. Məlum oldu ki, həmin lentə aldığımız səhnə ilə maraqlanır. Bir sözlə, həmin səhnə “Dəli Kür” filminin final səhnəsinin yerinə calaq edildi. Guya ki, mən atəş açmaqla Cahandarı öldürürəm. Təbii ki, Cahandarın ölüm səhnəsi ayrıca olaraq çəkildi”.
Beləliklə, M.Avşarov səhnə uğurlarını kino sahəsində də təkrarlayır. O, “Sevil” (film-opera; 1970), “Ulduzlar sönmür”, “Axırıncı aşırım”, “Qatır Məmməd”, “Tütək səsi”, “Arxadan vurulan zərbə”, “Birisigün, gecəyarısı”, “Atları yəhərləyin”, “Qəm pəncərəsi”, “Kişi sözü”, “İşarəni dənizdən gözləyin”, “Qətl günü” və s. filmlərdə yaddaqalan obrazlar qalereyası yaradır.
Ömrünün müdrik çağlarında aktyorun yolu yenidən teatrdan düşür. 1992-ci ildə Xalq artisti Amaliya Pənahova sənətkarı Bakı Bələdiyyə Teatrına dəvət edir. Teatrda işlədiyi müddətdə o, N.Nərimanovun “Nadir şah”, C.Cabbarlının “Dönüş” və bir çox tamaşalarda maraqlı obrazlara həyat verir. 2002-ci ildə Bakı Bələdiyyə Teatrının aktyoru kimi “Xalq artisti” fəxri adına və Prezidentin fərdi təqaüdünə layiq görülür.
Muxtar Avşarov 6 dekabr 2004-cü ildə, 90 yaşında vəfat edib.
Savalan Fərəcov