“Mystery Ensemble” salon konsertləri ənənəsini dirçəldir

 

Xəbər verildiyi kimi, bu günlərdə Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında “Mystery Ensemble” qrupunun konserti böyük maraqla qarşılanıb. Şam işığında keçirilən salon konsertləri dəbində hazırlanan musiqi axşamı “Red Events” agentliyinin təşkilatçılığı ilə ərsəyə gəlib.

“Mystery Ensemble”nin üzvlərini tanınmış skripkaçı, Əməkdar artist, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu Ceyla Seyidova bir araya gətirib.

Qrup bakılılara və şəhərin qonaqlarına “Harri Potter”, “Üzüklərin hökmdarı”, “Karib dənizinin quldurları”, “Taxt-tac oyunları” və digər filmlərin musiqisindən ibarət orijinal proqram təqdim edib. Ötən dekabrın sonunda, Yeni il ərəfəsində isə ansambl musiqisevərlər qarşısında P.İ.Çaykovskinin əsərləri ilə çıxış etmişdi.

“Mystery Ensemble”ni öz skripkası ilə idarə edən Ceyla Seyidova eyni zamanda filarmoniyanın musiqi kollektivlərindən olan Azərbaycan Dövlət Simli Kvartetinin “birinci skripka” ifaçısıdır. O, AZƏRTAC-a müsahibəsində qrupun yaranması və yaradıcılıq planları barədə də danışıb.

İfaçı bildirib ki, kiçik formatlı musiqi qrupunda “birinci skripka” həm də dirijor çubuğu funksiyasını yerinə yetirir, amma bu həmişə mümkün deyil: “Musiqiçilər mənim işarəmdən sonra notlara baxır, sonra yenidən diqqəti mənə yönəldirdilər. Belə demək mümkünsə, konsertdə gözlərlə təmas, musiqi alətlərinin vəhdəti və təbəssümlə ifa yaddaqalan oldu. Kvintet (beşlik) dirijorsuz da keçinə bilir. Amma hazırkı məqamda elə müasir əsərlər var ki, onları dirijorsuz ifa etmək mümkün deyil. Çünki müəyyən sayda taktlardan sonra səsi tutmaq lazım gəlir, həm də partiyaya bələd olmaq, deyək ki, royalı bilmək tələb olunur. Dirijor isə artıq partituranın bütün partiyalarına baxır, bəstəkarın hər hansı fantaziyasını idarə etməyə çalışır. Müasir musiqidə keçmişdəki bəstəkarlarla müqayisədə müəlliflər daha sərbəst olurlar”.

Layihələrə gəlincə, ötən ilin sonunda və bu ilin əvvəlində təqdim edilən proqramlar müəyyən dərəcədə salon konsertlərini dirçəldir: “Konsertlərin təşkilatçılarının təklif etdikləri format öz-özlüyündə maraqlıdır – şam işığında, həm də gözəl bir zalda musiqi əsərləri ilə vəhdət... Belə olan halda ruh yüksəkliyi də təbiidir. Tamaşaçıların münasibəti isə konsertlərə yeni ovqat qatır”.

Səhnədə musiqi əsərlərinin elan edilməməsi də tamaşaçılar üçün bir qədər qəribə gələ bilər. Hərçənd hər musiqi nömrəsindən öncə onun elan olunması da musiqinin səslənməsi “mistikası”nı pozur. Üstəlik, sonda konsert proqramı elektron anonslarda təqdim edilir.