Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin şəhidlik zirvəsinə yüksəlməsinin ildönümündə xatirəsi anılıb. “Naxçıvan Qaziləri” İctimai Birliyinin üzvləri şəhidin ailəsi ilə birlikdə Naxçıvan şəhərindəki Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət edib, üzərinə tər çiçəklər düzüblər.

Birliyin sədri, Vətən müharibəsi qazisi Ceyhun Bayramov deyib: “Bu gün şəhid məzarları önündə qürurla dayanırıq. Çünki onların uğrunda şəhid olduqları torpaqlar daha işğal altında deyil. Milli Qəhrəman Yusif Mirzəyevin ruhu şaddır, uğrunda canından keçdiyi Ağdərə rayonu da artıq azaddır”.

Mərasimdə şəhidin ailəsi və qohumları da iştirak ediblər.

Yusif Vəli oğlu Mirzəyev 1958-ci il mayın 23-də Babək rayonunun (indiki Kəngərli rayonu) Böyükdüz kəndində dünyaya göz açıb. 1993-cü il fevralın 19-da Ağdərə uğrunda qeyri-bərabər döyüşdə səngər yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına şəhid olub. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

***

Balakən rayon Mərkəzi Kitabxanasında 1995-ci ildə dövlətçiliyimiz, suverenliyimiz uğrunda şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Ramazan Çirinqovun anadan olmasının 55 illiyinə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə Milli Qəhrəmanın ömür yolu haqqında videoçarx nümayiş olunub.

Bildirilib ki, Ramazan Heybullah oğlu Çirinqov 1969-cu il fevralın 15-də Balakənin Meşəşambul kəndində dünyaya göz açıb. SSRİ ordusu sıralarında 1987–1989-cu illərdə Əfqanıstanda hərbi xidmətdə olub. 1989-cu ildə Balakəndə polis (milis) işçisi kimi xidmətə başlayıb. 1995-ci ildə rayonda silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsində xüsusi fərqlənib. Həmin il sentyabrın 3-də xidməti vəzifəsini yerinə yetirərkən həlak olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.