Xalqımızın qədim adətlərindən biri də baharın ilk müjdəçisi olan Xıdır Nəbi bayramıdır. Bu bayram ölkəmizin müxtəlif bölgələrində maraqlı ayinlərlə qeyd olunur. Xıdır Nəbinin keçirilmə vaxtı da müxtəlifdir, bəzi yerlərdə Böyük çillə ilə Kiçik çillənin arasında, bəzən isə Kiçik çillənin yarısında keçirilir.
Fevralın 16-da Qazaxda rayon mədəniyyət müəssisələri tərəfindən Xıdır Nəbi bayramı keçirilib. Tədbirdə Qazax-Tovuz RMİ-nin rəisi Nurəddin Mehdiyev, idarənin məsul əməkdaşları, Qazax rayon mədəniyyət işçiləri və rayon ictimaiyyəti iştirak ediblər.
Şənlikdə rəqs qruplarının rəngarəng nömrələri, Xıdır Nəbi ilə bağlı xalq oyun-tamaşalarından parçalar, haxıştalar təqdim olunub. İştirakçılar əl-ələ verib qarazurnanın müşayiəti ilə yallı gediblər.
Masaları bayramın atributları olan qovurğa, şirniyyat və çərəzlər bəzəyib.