300 milyon dollaradək gəlir gətirib

 

Analitiklər birinci rübdə Sinqapurun ÜDM artımı ilə bağlı proqnozlarını 2,9%-ə qədər yaxşılaşdırıblar. “Bloomberg” yazır ki, bu optimizmin səbəblərindən biri Taylor Sviftin konsert turudur.

“Eras” turnesinin ("The Eras Tour") Sinqapur mərhələsi çərçivəsində amerikalı müğənni martın 2-dən 9-dək altı konsert verib. DBS Bankının iqtisadçısı Chua Han Teng hesab edir ki, tamaşalar Asiya ölkəsinin iqtisadiyyatına təxminən 225–300 milyon dollar və ya ÜDM-in əlavə 0,2%-i qədər gəlir gətirəcək.

Ekspertin fikrincə, bu vəsait axını T.Sviftin konsertlərinə gələn xarici turistlərin çoxluğu ilə bağlıdır. Sinqapur “Eras” turuna daxil olan yeganə Cənub-Şərqi Asiya ölkəsidir.

Ümumilikdə, T.Svift tur çərçivəsində 151 konsert verəcək. İlk konsert 2023-cü ilin martında olub. Sonuncu isə 2024-cü ilin dekabrında keçiriləcək.

Bundan əvvəl “Eras” tarixin ən çox gəlir gətirən konsert turu kimi “Ginnesin rekordlar kitabı”na düşüb. Dekabr ayına olan məlumata görə, onun gəliri 1,04 milyard dollar olub.