Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) ilə Türkiyənin tanınmış film şirkətləri “Skala Film Prodüksiyon” və “Tulpar Film” arasında anlaşma memorandumu imzalanıb.

Agentlikdən bildirilib ki, memoranduma əsasən, yaxın vaxtlarda Azərbaycan və Türkiyə bazarlarına çıxacaq “Qızıl qatar” (“Altın tren”) adlı birgə filmin istehsalı nəzərdə tutulur.

Filmin istehsalı istiqamətində birgə fəaliyyətləri müəyyən edən üçtərəfli anlaşma memorandumunu Azərbaycan tərəfdən ARKA-nın baş direktoru vəzifəsini icra edən Orxan Fikrətoğlu imzalayıb.

Çəkilişlərinin Azərbaycanda aparılması planlaşdırılan filmin mövzusu XX əsrin əvvəllərində Türkiyə və Azərbaycanın əlaqələrindən bəhs edir. 1918-ci ildə Nuru paşanın komandanlığı ilə Osmanlı ordusunun Azərbaycan Xalq Cümhuriyyətinə köməyə gəlməsi, həmçinin Azərbaycandan qardaş Türkiyəyə qızıl yüklü vaqonların göndərilməsi filmin əsas süjet xəttini təşkil edir.

Qeyd edək ki, Türkiyə şirkətləri tərəfindən ilk dəfə olaraq Azərbaycanın kino sənayesinə investisiya yatırılır. Filmin maliyyə tərəfi qardaş ölkənin istehsalçıları tərəfindən həyata keçiriləcək. Memorandumda TÜRKSOY-a üzv ölkələrdən dəstək alınması da əksini tapıb.