Azərbaycan sədrliyi Özbəkistana təhvil verib

 

31 may – 2 iyun tarixlərində Özbəkistanın Xivə şəhərində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində “Davamlı və dayanıqlı turizm sənayesinin inkişafı” mövzusunda Turizm Nazirlərinin 12-ci konfransı keçirilib. İclasda Azərbaycanı Dövlət Turizm Agentliyinin (DTA) nümayəndə heyəti təmsil edib.

Konfrans çərçivəsində İƏT-ə üzv ölkələrin Yüksəkvəzifəli şəxslərinin iclası olub. Azərbaycan Nazirlər Konfransında sədrliyi Özbəkistana təhvil verib.

Konfransda çıxış edən DTA sədrinin müşaviri Kənan Quluzadə bu ilin ilk 4 ayı ərzində Azərbaycana gələnlərin 43 faizinin İƏT dövlətlərinin vətəndaşları olduğunu diqqətə çatdırıb. Təşkilat çərçivəsində turizm sahəsində əlaqələrin genişləndiyini qeyd edən K.Quluzadə ölkəmizdə bu sahənin inkişafına xüsusi diqqət ayrıldığını vurğulayıb, işğaldan azad edilmiş ərazilərdə dövlət tərəfindən turizmin, İslam irsinin bərpası üçün mühüm addımlar atıldığını deyib.

Tədbir iştirakçılarına bu ilin noyabr ayında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) barədə də məlumat verilib, onun turizmə təsir və töhfələri baxımından da vacibliyinə diqqət çəkilib.

Konfransda 2025-ci il üçün Seneqalın Darak, 2026-cı il üçün Misirin Qahirə və 2027-ci il üçün isə Pakistanın Lahor şəhərləri “İslam dünyasının turizm paytaxtları” seçilib.