Azərbaycan

 

12 iyun 1928 – Xalq yazıçısı İsa Mustafa oğlu Hüseynov (Muğanna; 1928 – 1.4.2014) Qazax rayonunun Muğanlı kəndində (hazırda Ağstafa rayonu) doğulub. Tarixi və fəlsəfi romanları (“Məhşər”, “Yanar ürək”, “İdeal” və s.) yazıçıya böyük şöhrət gətirib. “Ulduzlar sönmür”, “Tütək səsi”, “Nəsimi” və s. filmlərin ssenari müəllifidir.

12 iyun 1932 – Xalq artisti Hacıbaba Ağarza oğlu Bağırov (1932 – 4.10.2006) Bakıda anadan olub. 1962-ci ildən Musiqili Komediya Teatrında çalışıb, 1996–2006-cı illərdə teatra rəhbərlik edib. Çəkildiyi filmlər: “Ulduz”, “Qanun naminə”, “Onun bəlalı sevgisi”, “Alma almaya bənzər” və s.

12 iyun 1977 – Əməkdar artist Məmmədkəbir Hacı oğlu Kərimov (1906–1977) vəfat edib. Şəki Dövlət Dram Teatrının aktyoru olub.

 

13 iyun 1927 – Tanınmış kamança ifaçısı, Əməkdar artist Tələt Soltan oğlu Bakıxanov (1927 – 30.5.2000) Bakıda anadan olub. “O olmasın, bu olsun” filmində çəkilib.

13 iyun 1944 – Əməkdar artist, tanınmış arfa ifaçısı Çiçək Məmmədhüseyn qızı Rzayeva (1944 – 15.9.2021) Bakıda doğulub. 50 ildən çox Azərbaycan Dövlət Simfonik Orkestrinin birinci arfa ifaçısı olub.

13 iyun 1993 – Əməkdar incəsənət xadimi, aktyor, rejissor Məmməd Əli oğlu Əlili (7.11.1898 – 1993) vəfat edib. “Ögey ana”, “Dağlarda döyüş” və s. filmlərin 2-ci rejissoru olub, “Dəli Kür”, “Nəsimi” filmlərində çəkilib.

13 iyun 2000 – Prezident Heydər Əliyev dahi Azərbaycan alimi və mütəfəkkiri Nəsirəddin Tusinin 800 illiyi haqqında fərman imzalayıb.

 

14 iyun 1902 – İlk azərbaycanlı heykəltaraş qadın Zivər Nəcəfqulu qızı Məmmədova (1902 – 22.4.1980) Bakıda anadan olub. Görkəmli mədəniyyət xadimlərinin  (Ü.Hacıbəyli, Ə.Əzimzadə), hərbçi və əmək qəhrəmanlarının heykəl və büstlərini yaradıb.

14 iyun 1926 – Xalq artisti, tarzən Həbib Əbdülhüseyn oğlu Bayramov (1926 – 15.8.1994) anadan olub. 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb, 1973-cü ildən kollektivin bədii rəhbəri olub.

14 iyun 1965 – Azərbaycan SSR Nazirlər Soveti Bakı şəhərində Xalq rəssamı Əzim Əzimzadənin (1880–1943) vaxtilə yaşadığı evdə xatirə muzeyinin yaradılması barədə qərar qəbul edib. Muzey 1968-ci ildə fəaliyyətə başlayıb.

14 iyun 1998 – Prezident Heydər Əliyev görkəmli səhnə ustası və pedaqoq, SSRİ Xalq artisti Mehdi Məmmədovun 80 illik yubileyi haqqında sərəncam imzalayıb.

 

Dünya

 

12 iyun 1921 – İspan rejissoru Luis Qarsia Berlanqa (Luis Garcia Berlanga Marti; 1921–2010) anadan olub. Satirik kinonun görkəmli nümunələri olan “Xoş gəlmisiniz, cənab Marşall”, “Plasido”, “Cəllad” və s. filmləri çəkib.

 

13 iyun 1865 – İrland şairi və dramaturqu, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1923) Vilyam Yits (William Butler Yeats; 1865–1939) anadan olub.

 

14 iyun 1811 – Amerika yazıçısı Harriet Biçer-Stou (Harriet Elizabeth Beecher-Stowe; 1811–1896) anadan olub. “Tom dayının daxması” romanı 20-dən çox dilə tərcümə olunub.

14 iyun 1835 – Yəhudi əsilli pianoçu və dirijor, pedaqoq Nikolay Qriqoryeviç Rubinşteyn (1835–1881) anadan olub. Moskva Konservatoriyasının qurucularından biridir.

Hazırladı: V.Orxan