İyunun 12-də Şəki şəhər Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin “Xatirə kitabı” redaksiyası tərəfindən Vətən müharibəsində həlak olanların adlarının əbədiləşdirilməsi üçün hazırlanan “44 gün – tarixi Zəfər” kitabının I və II cildinin təqdimatı keçirilib.

Şəhid ailələri üzvlərinin, şəhər İcra Hakimiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbirdə 2020-ci ilin 44 günlük Vətən müharibəsində, eləcə də Ermənistan silahlı qüvvələri birləşmələrinin Qarabağda törətdikləri genişmiqyaslı təxribatların qarşısının alınması məqsədilə keçirilən lokal xarakterli antiterror tədbirlərində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfərdən, döyüşlərdə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqdan danışılıb.

Kitabın baş redaktoru Nəzakət Məmmədova bildirib ki, I cilddə 2016-cı ilin Aprel döyüşləri və Tovuz döyüşləri (2020) zamanı həlak olanların da adları əbədiləşdirilib. Kitabın I və II cildində ümumilikdə 2 minə yaxın şəhid haqqında ensiklopedik məlumat yer alıb.

Diqqətə çatdırılıb ki, “Respublika Xatirə Kitabı”nın indiyədək 20-yə yaxın cildi çap olunub. Kitablarda İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlar haqqında əhatəli materiallar dərc edilib. Redaksiya, eyni zamanda, “Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Filmlər geniş ictimaiyyətə təqdim olunub.

Tədbirin sonunda şəhid ailələrinə “44 gün – tarixi Zəfər” kitabı hədiyyə edilib.