“Tamaşaçılar göstərdiyimiz filmləri öz filmləri kimi qəbul etdi”

 

Xəbər verdiyimiz kimi, iyulun 20-dən 23-dək Bakıda Özbək Kinosu Günləri keçirilib. Qardaş ölkənin kino günləri Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Kino Agentliyinin (ARKA) təşkilatçılığı ilə gerçəkləşib.

Nizami Kino Mərkəzində keçirilən açılış mərasimində Azərbaycan mədəniyyət nazirinin müavini Murad Hüseynov, Özbəkistan Respublikası mədəniyyət nazirinin birinci müavini Avazxon Tadjixanov, “Özbəkkino” Milli Agentliyi baş direktorunun müavini Əlişer Xocayev və iki ölkənin kino xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Murad Hüseynov çıxışında diqqətə çatdırıb ki, Azərbaycan və Özbəkistan arasında kino sahəsində əlaqələrin təməli 1955-ci ildə rejissor Tofiq Tağızadə tərəfindən çəkilən “Görüş” filmi ilə qoyulub. Sonrakı illərdə “Azərbaycanfilm”də istehsal olunmuş “Qızıl qaz”, “Bəyin oğurlanması” filmlərində özbək aktyorlar da çəkilib. 80-ci illərdə Azərbaycan aktyorları Rasim Balayev, Tariyel Qasımov, Fəxrəddin Manafov və digərləri bir sıra özbək filmlərində rol alıblar. Hazırda Azərbaycan Dövlət Film Fondunda 46 Özbəkistan filmi və digər kino materialları qorunub saxlanılır.

Avazxon Tadjixanov da iki ölkənin kino sahəsində əlaqələrinin zəngin tarixi olduğunu vurğulayıb. Bildirib ki, bu gün Özbəkistanda “Arşın mal alan”, “Qayınana”  və s. məşhur Azərbaycan filmlərinə maraqla baxılır.

***

Kino proqramında dörd ekran əsəri –  “Yasha, xotin” (“Yaşa, arvad”), “Evrilish” (“Təkamül”), “Bahadur Yalanqtuş” və “Hakim” filmləri nümayiş olunub.

Proqramın sonuncu günü dost ölkənin müasir ekran nümunələrindən tarixi mövzulu “Bahadur Yalanqtuş”, eləcə də “Hakim” filmlərinə baxdıq.

Filmi izləyənlər arasında Xalq artisti, kinorejissor Vaqif Mustafayev, ARKA-nın direktor müavini Qurban Pirimov, Özbəkistandan gələn nümayəndə heyətinin üzvləri də vardı.

Nümayişdən sonra ekran əsərinin prodüseri Zəfər Yoldaşevdən kino günləri ilə bağlı təəssüratını soruşduq. O dedi: “Dörd gündür buradayıq. Nümayiş etdirdiyimiz dörd filmi biz məxsusi olaraq seçib gətirmişik. Janr baxımından müxtəlif mövzulu filmləri azərbaycanlı həmkarlar və tamaşaçılarla bölüşmək istədik. Vətənə xoş təəssüratla qayıdırıq. Həm məhsuldar görüşlərimiz oldu, həm də yüksək qonaqpərvərlik gördük. Çox şadam ki, Azərbaycan tamaşaçıları bizim filmləri elə öz filmləri kimi qəbul etdilər. Biz türksoylu xalqlar olaraq dil, din, tarix və adətlər baxımından bir-birimizə çox yaxınıq. Milli-mənəvi dəyərlərimizin yaxınlığı bizi birləşdirir. Eyni zamanda bu səfər zamanı azərbaycanlı prodüser, rejissor, aktyor və kaskadyorlarla görüşümüz oldu. Fikir mübadiləsi apardıq, birgə layihələr barədə danışdıq”.

Azərbaycanlı tamaşaçıların “Namus” adlı özbək serialından tanıdıqları aktrisa, Özbəkistanın Əməkdar artisti Müyəssər Berdikulova da təəssüratını bizimlə bölüşdü: “İlk növbədə, Bakı şəhərində bu gözəl kino günlərinin gerçəkləşməsinə görə təşkilatçılara minnətdarlığımı bildirirəm. Bakıda nümayiş olunan “Hakim” filmində mən də rol almışam. Bəzi səbəblərdən filmin baş qəhrəmanları Bakıya gələ bilmədilər. Filmin baş qəhrəmanı Əzizə uzun müddət hakimlik edən hörmətli və həddindən artıq ehtiyatlı bir qadındır. Bütün fəaliyyəti dövründə o, müxtəlif mürəkkəblikdə olan bir çox halların öhdəsindən gələ bilib. Nəzərə alsaq ki, onun arxasında bu qədər zəngin iş təcrübəsi var, indi onun üçün təəccüblü heç nə yoxdur. Lakin tezliklə yeni cinayət işi ilə üzləşir və bu onu böyük stresə salır... Filmdə Əzizənin şəxsi həyatı ilə karyerası paralel təsvir olunur. İnanıram ki, azərbaycanlı tamaşaçılar filmi bəyəniblər. Bu filmdə bir sıra ənənələrimiz də təqdim edilir”.

Müyəssər xanım səfər zamanı Azərbaycan Dövlət Film Fondunda olduqlarını da diqqətə çatdırdı: “Azərbaycan və Özbəkistan kinematoqrafçıları dəfələrlə birgə layihələrdə çalışıblar. Çox istərdim ki, bu mütərəqqi ənənələr bundan sonra da yaşadılsın. Dövlət Film Fondunun direktoru Cəmil Quliyev kino əlaqələrimiz haqqında maraqlı fikirlər söylədi”.

İyulun 23-də Azərbaycanda peşəkar kaskadyor sənəti ilə məşğul olan, aktyor və döyüş səhnələrinin rejissoru Sain Fərhad Fərmanlı da özbəkistanlı kino mütəxəssisləri Zəfər Yoldaşev, Boir Xolmirzayev və Bəxtiyar Fəttahovla görüşüb, gələcək əməkdaşlıqla bağlı müzakirə aparıb.

Qeyd edək ki, bundan öncə ölkəmizdə Özbək Kinosu Günləri 2022-ci ilin 7-9 dekabr tarixlərində keçirilib.

Lalə Azəri