Olaylar, faktlar (6 – 11 avqust)

 

550 il əvvəl...

 

11 avqust 1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə Osmanlı sultanı II Mehmet Fatehin qoşunları arasında Otluqbeli (Tərcan) döyüşü baş verib. Osmanlı ordusu qələbə çalıb və bir qədər əvvəl (1 avqust 1473) Malatya döyüşündə aldığı məğlubiyyətin əvəzini çıxıb. Bu döyüş Ağqoyunlu-Osmanlı müharibəsinin (1472-1473) taleyini ikincinin xeyrinə həll edib. Uzun Həsən müharibədə Avropa dövlətlərindən yardım vədi alsa da, bu, gerçəkləşmədi. Çünki Avropa dairələri iki türk dövlətinin savaş meydanında bir-birini zəif salmasında maraqlı idilər.

 

236 il əvvəl...

 

10 avqust 1787-ci ildə Türkiyə (Osmanlı) ilə Rusiya arasında Krım uğrunda müharibə başlayıb. Müharibənin ilk dövrü Osmanlının üstünlüyü ilə keçə də, sonradan Rusiya qoşunları Aleksandr Suvorovun komandanlığı bir neçə döyüşdə qalib gəldi. 1791-ci ildə imzalanan Yassı sülhünə əsasən, Rusiya Krıma və Qara dənizə qismən nəzarəti ələ keçirdi.

 

104 il əvvəl...

 

10 avqust 1920-ci ildə Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan SSR-nin razılığı olmadan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərədə qərar çıxarıb. Bolşevik Rusiyası Azərbaycan torpaqları hesabına Ermənistanı şirnikləndirmək və sovetləşdirmək siyasəti güdürdü. Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin sədri Nəriman Nərimanov buna qarşı çıxsa da, nəticəsi olmadı. 1920-ci ilin dekabrında Zəngəzur Ermənistana birləşdirildi.

10 avqust 1920-ci ildə Paris yaxınlığındakı Sevr şəhərində I Dünya müharibəsində məğlub olmuş Osmanlının ərazilərinin bölüşdürülməsinə dair saziş imzalanıb. Müttəfiq dövlətlərin (ABŞ, Britaniya, Fransa, İtaliya və s.) iflas həddindəki Osmanlıya qəbul etdirdikləri müqaviləyə əsasən, Türkiyə ərazilərinin dörddə üçünü itirirdi. İstanbuldakı Osmanlı hökumətinin imza atdığı müqaviləni Mustafa Kamal Atatürkün öndərliyi ilə Ankarada toplanan Türkiyə Böyük Millət Məclisi təsdiqləmədi. 1923-cü ildə Türkiyə Lozanna konfransının çağrılmasına və Sevr sazişinin ləğvinə nail oldu.

 

79 il əvvəl...

 

6 avqust 1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatmaq üzrə olduğu bir vaxtda ABŞ Yaponiyaya qarşı atom bombasından istifadə edib. "B-29" bombardmançı təyyarəsi "Körpə" adlı atom bombasını Xirosima şəhərinin üzərinə atıb. İlkin rəqəmlərə görə, nüvə partlayışı nəticəsində 140 min şəhər sakini həlak olmuşdu.

9 avqust 1945-ci ildə ABŞ bu dəfə Yaponiyanın Naqasaki şəhərinə atom bombası atıb.  Şəhərin 40 min əhalisi həlak olub. Bu aksiyaları II Dünya müharibəsinin nəticələrinə elə bir təsiri yox idi, çünki Yaponiya faktiki məğlubiyyəti ilə barışmışdı. Tarixçilərə görə, ABŞ bununla Yaponiyadan Perl-Harbor bombardmanının (1941) əvəzini çıxırdı.

 

64 il əvvəl...

 

7 avqust 1960-cı ildə Fransanın Afrikadakı müstəmləkəsi olan Fil Dişi Sahili dövlət müstəqilliyini elan edib. Sonradan Kot D`İvuar (fransız dilində "Fil Dişi Sahili") Respublikası adlandı.

 

62 il əvvəl...

 

6 avqust 1962-ci ildə Britaniyanın Latın Amerikası müstəmləkəsi olan Yamayka müstəqilliyini elan edib. Yamayka XV-XVII əsrlərdə İspaniyanın müstəmləkəsi olmuş, 1670-ci ildə isə Britaniyanın idarəçiliyinə keçmişdi.

 

59 il əvvəl...

 

9 avqust 1965-ci ildə Sinqapur dövlət müstəqilliyini elan edib. Eyniadlı adada yerləşən şəhər-ölkə Malayziyanın, 1826-cı ildən isə Britaniyanın nəzarətində olmuşdu. 1942-1945-ci ildə Yaponiyanın işğalı altında düşmüş, daha sonra Britaniyanın protektoratı kimi muxtariyyət əldə etmişdi.

 

34 il əvvəl...

 

10 avqust 1990-cu ildə erməni hərbi-təxribatçı dəstələri Azərbaycana qarşı növbəti terror aksiyalarını həyata keçirib. Tbilisi-Ağdam marşrutu üzrə avtobusun partladılması nəticəsində 20 nəfər həlak olub. Həmin gün Şəmkir-Gəncə avtomobil yolunda, Xanlar (Göygöl) rayonunun Nadel kəndi yaxınlığında “LAZ” markalı avtobus partladılıb, 17 nəfər həlak olub.

 

33 il əvvəl...

 

8 avqust 1991-ci ildə Ermənistan ərazisində azərbaycanlı yaşayan sonuncu yaşayış məntəqəsi – Mehri rayonunun Nüvədi kəndi erməni silahlı qüvvələrinin hücumu nəticəsində talan edilib. Erməni qüvvələri kəndin əhalisini zorla deportasiya ediblər. 1988-ci ildə Ermənistanda azərbaycanlı əhaliyə qarşı başlanan etnik təmizləmə sona çatıb.

 

32 il əvvəl...

 

9 avqust 1992-ci ildə Azərbaycan Mili Ordusunun hissələri Gədəbəy rayonunun Başkənd qəsəbəsini erməni silahlı dəstələrindən təmizləyib. Başkənd vaxtilə Azərbaycan ərazisində anklav formada yerləşən və Ermənistanın xəritəsinə daxil edilən  yaşayış məntəqəsi olub. Qarabağda hərbi əməliyyatların başlamasından sonra Ermənistan ordusu həmin anklavdan Azərbaycanın Gədəbəy rayonunun Şınıx bölgəsini və Tovuz rayonunun kəndlərini atəş altında saxlayırdı.

 

25 il əvvəl...

 

9 avqust 1999-cu ildə Vladimir Putinin siyasi hakimiyyətə yüksəlişi başlanıb. Prezident B.Yeltsinin fərmanı ilə Rusiya Federasiyası Baş nazirinin səlahiyyətlərinin icrası Federal Təhlükəsizlik Xidmətinin direktoru polkovnik V.Putinə tapşırılıb. Həmin ilin 31 dekabrında B.Yeltsin vəzifəsindən istefa verdi və Putin Rusiyanın rəhbəri oldu.

Hazırladı: V.Orxan