Olaylar, faktlar (19 – 22 avqust)

 

390 il əvvəl...

 

19 avqust 1634-cü ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623–1639) gedişində Sultan IV Muradın qoşunları İrəvan qalasını ələ keçiriblər. Lakin Osmanlı qoşunları qalanı uzun müddət əlində saxlaya bilmədi. Qəsri-Şirin sülh müqaviləsinə (1639) görə, Qərbi Gürcüstan Osmanlı imperatorluğunun, İrəvan daxil olmaqla Qərbi Azərbaycan torpaqları və Şərqi Gürcüstan Səfəvi dövlətinin nəzarətində qaldı.

 

160 il əvvəl...

 

22 avqust 1864-cü ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) yaranıb. Müharibə qurbanlarına humanitar yardım göstərilməsini ön görən təşkilatın təşəbbüsçüsü İsveçrə vətəndaşı Anri Dünan idi. Cenevrədə toplanan 12 dövlətin nümayəndələri müharibələr zamanı yaralı əsgərlərə yardım göstərilməsi haqqında konvensiyanı imzalayıblar.

 

64 il əvvəl...

 

20 avqust 1960-cı ildə Fransanın Qərbi Afrikadakı müstəmləkəsi olan Seneqal müstəqilliyini elan edib. Seneqal 1880-ci ildə Fransanın müstəmləkəsinə çevrilmişdi.

 

56 il əvvəl...

 

20 avqust 1968-ci ildə Çexoslovakiyaya sovet və “Varşava bloku”na daxil olan digər ölkələrin qoşunları yeridilib. Hərbi müdaxilə Çexoslovakiya Kommunist Partiyası rəhbərlərinin dəvəti ilə həyata keçirilmişdi. Bununla “Praqa baharı”na (1968-ci ilin yazında Çexoslovakiya hökumətində baş verən dəyişikliklər, Moskvanın diktə etdiyi kursdan imtina) son qoyuldu.

 

33 il əvvəl...

 

19-21 avqust 1991-ci ildə SSRİ-də dövlət çevrilişinə cəhd baş verib. Krımda istirahətdə olan prezident Mixail Qorbaçov təcrid edilib, ölkəni idarə etmək üçün Dövlət Fövqəladə Vəziyyət Komitəsi (“QKÇP”) yaradılıb. Moskvada legitim hakimiyyətin müdafiəsinə qalxan əhali ilə hərbçilər arasında toqquşmada 3 nəfər həlak oldu. Avqustun 22-də çevrilişə cəhdin başında duran qrup (DTK sədri V.Kryuçkov, müdafiə naziri D.Yazov, vitse-prezident G.Yanayev və b.) həbs olundu. Daxili işlər naziri B.Puqo intihar etdi. “QKÇP” SSRİ-nin dağılmasını sürətləndirdi.

 

32 il əvvəl...

 

20 avqust 1992-ci ildə Azərbaycan ərazisindən sovet (Rusiya) qoşunlarının çıxarılması ilk olaraq Naxçıvandan başlanıb. Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilən qərara və müvafiq razılaşmaya əsasən, keçmiş SSRİ ordusunun 75-ci motoatıcı diviziyasının heyəti muxtar respublikanı tərk edib, əmlakı isə Azərbaycan Ordusunun Naxçıvandakı hissələrinə verilib.

 

31 il əvvəl...

 

22 avqust 1993-cü ildə Lənkəranda Ələkram Hümbətovun qondarma rejiminə (“Talış-Muğan Respublikası”) qarşı xalqın kütləvi aksiyası başlanıb. Ali Sovetin sədri, Prezident səlahiyyətlərini icra edən Heydər Əliyevin televiziya ilə müraciətindən sonra minlərlə sakin dövlətçiliyin müdafiəsi üçün mitinqə çıxıb. Mitinq Ə.Hümbətovun dəstəsi tərəfindən atəşə tutulub, 3 nəfər həlak olub. Cinayətkar dəstəsi ilə dağlara qaçan Ə.Hümbətov həmin ilin payızında ələ keçirildi.

 

24 il əvvəl...

 

22 avqust 2000-ci ildə Azərbaycan Respublikasının 2-ci prezidenti, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy Türkiyədə, Gülhanə Hərbi Tibb Akademiyasında (Ankara) vəfat edib. Prezident Heydər Əliyev Elçibəyin vəfatı ilə bağlı televiziya ilə çıxış edərək başsağlığı vermiş, rəsmi dəfn komissiyası təşkil edilmişdi. Elçibəy avqustun 23-də Bakıda, Fəxri xiyabanda dəfn olundu.

Hazırladı: V.Orxan