Olaylar, faktlar (28 – 30 avqust)

 

498 il əvvəl...

 

29 avqust 1526-cı ildə Sultan II Süleymanın başçılıq etdiyi Osmanlı qoşunları Kral II Lüdoviqin rəhbərlik etdiyi macar ordusunu Mohaç kəndi (Macarıstanın cənubu) yaxınlığında döyüşdə məğlub edib. Bu döyüşdən sonra ovaxtkı Macarıstanın üçdə ikisi Osmanlının, qalanı isə Avstriyanın nəzarətinə keçdi.

 

303 il əvvəl...

 

30 avqust 1721-ci ildə Rusiya ilə İsveç arasında 20 ilə yaxın (fasilələrlə) sürmüş Şimal müharibəsinin yekunları barədə Niştadt sülhü imzalanıb. I Pyotrun apardığı müharibə nəticəsində Rusiya Baltik dənizinə (dünya okeanına) çıxış əldə edib, indiki Estoniya və Litva ərazilərini, həmçinin Finlandiyanın bir hissəsini özünə birləşdirib.

 

106 il əvvəl...

 

28 avqust 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi, ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədrisi barədə qərar qəbul edib.

 

102 il əvvəl...

 

30 avqust 1922-ci ildə Mustafa Kamal paşanın komandanlığı altında Türk ordusu işğalçı yunan qoşunları ilə Dumlupınar döyüşündə (Kütahya vilayəti) tarixi qələbə qazanıb. Bu qalibiyyət Qurtuluş savaşında həlledici rol oynayıb. 26 avqustda Afyonkarahisarda başlayan “Büyük Taarruz” (“Böyük Hücum”) 9 sentyabrda İzmirin azad edilməsi ilə başa çatıb. 30 avqust Türkiyədə Zəfər Bayramı (Silahlı Qüvvələr Günü) kimi qeyd olunur.

 

94 il əvvəl...

 

30 avqust 1930-cu ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin qərarı ilə respublika ərazisi yeni ərazi-inzibati vahidlərinə – rayonlara bölünüb. Azərbaycan SSR ərazisində 63 rayon yaradılıb. Bundan öncə (1920–1930-cu illərdə) respublikada ərazi-inzibati bölgüsü olaraq 10 dairə və onların tərkibində qəzalar mövcud idi.

 

33 il əvvəl...

 

30 avqust 1991-ci ildə Ali Sovetin növbədənkənar “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Bəyannamə qəbul olunub. Bəyannamədə Azərbaycan Respublikasının 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Parlament həmçinin Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktının hazırlanması ilə bağlı qərar qəbul edib.

 

32 il əvvəl...

 

28 avqust 1992-ci ildə Ballıqaya qətliamı baş verib. Laçın rayonunun işğalından sonra Goranboy rayonunun Ballıqaya kəndi yaxınlığında çadırda məskunlaşan altı ailənin üzvləri – 24 nəfər gecə yatdıqları yerdə əraziyə basqın edən erməni silahlı dəstəsi tərəfindən qətlə yetirilib. Daha sonra çadırlara od vurulub, meyitlərin əksəriyyəti yandırılıb.

Hazırladı: V.Orxan