Azərbaycan

 

31 avqust 1927 – Şair, dramaturq, Əməkdar incəsənət xadimi İsgəndər Coşqun (İsgəndər Məmməd oğlu Hümmətov; 1927 – 10.12.1996) Göyçayda anadan olub. “Gəmidə söhbət”, “Qığılcımlar”, “Nəğmə dolu ürək” və s. kitabların müəllifidir.

31 avqust 1942 – Şair, nasir, tərcüməçi, maarifçi Rəşid bəy İsmayıl oğlu Əfəndiyev (1863–1942) vəfat edib. Şəkidə doğulub. “Qan ocağı”, “Pul dəlisi”, “Diş ağrısı” və s. pyeslərin müəllifidir. Dərsliklər yazıb.

31 avqust 1957 – Əməkdar artist Kübra Məmmədağa qızı Dadaşova (1957 – 12.2.2017) Bakıda anadan olub. Gənc Tamaşaçılar Teatrında çalışıb, filmlərdə (“Yuxu”, “Cavid ömrü” və s.) çəkilib.  

31 avqust 1967 – Cənubi Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Səməd Behrəngi (24.6.1939 – 1967) vəfat edib. Azərbaycan nağıllarını fars dilinə tərcümə edərək nəşr etdirib.

31 avqust 2018 – Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində ev-muzeyinin açılış mərasimi keçirilib.

31 avqust 2021 – Azərbaycanın Əməkdar artisti, Rusiyanın Xalq artisti Tamilla Mirsüca qızı Ağamirova (21.8.1928 – 2021) vəfat edib.

31 avqust 2021 – Şair, ssenarist Əhməd Oğuz (Əhməd Musa oğlu Kərimov; 13.11.1961 – 2021) vəfat edib.

 

1 sentyabr 1900 – Məşhur sirk pəhləvanı, Xalq artisti Rəşid Əliməmməd oğlu Yusifov (1900–1982) Borçalı mahalının (Gürcüstanın Marneuli rayonu) Gorarxı kəndində anadan olub. Moskva Dövlət Sirkinin truppasında çıxış edib.

1 sentyabr 1920 – Tanınmış tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud Əliabbas oğlu İsmayılov (1920 – 16.8.2002) Şəkidə doğulub.

1 sentyabr 1924 – Bakı milyonçusu, böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev (1838–1924) vəfat edib. Tağıyev Azərbaycan xalqının maariflənməsi, mədəni inkişafı üçün gördüyü nəcib işlərlə tarixdə iz qoyub. Bakıda ilk teatr binası, müsəlman qızlar üçün ilk məktəb və s. onun adı ilə bağlıdır. Dövrün tanınmış ziyalıları onun köməyi ilə Rusiyada, Avropada təhsil alıblar.

1 sentyabr 1930 – Nasir, dramaturq, şair Əli Qafur oğlu Səmədli (1930–2006) Göyçay rayonunun Mallı-Şıxlı kəndində anadan olub. Uşaq-gənclər üçün kitabların, səhnə əsərlərinin müəllifidir.

1 sentyabr 1930 – Yazıçı-dramaturq, jurnalist Oqtay Məmmədhəsən oğlu Salamzadə (1930–2012) Füzuli rayonunun Cuvarlı kəndində doğulub.

1 sentyabr 1931 – Tanınmış teatr və kino aktyoru Fazil İdris oğlu Salayev (1931 – 16.6.1978)  Bakıda doğulub. Akademik Dram, Musiqili Komediya teatrlarında çalışıb, filmlərdə (“Alma almaya bənzər”, “Rəqiblər”, “Şərikli çörək”) yaddaqalan obrazlar yaradıb.

1 sentyabr 1937 – Əməkdar incəsənət xadimi Siyavuş Məmməd oğlu Şəfiyev (1937 – 24.11.2001) Bakıda anadan olub. Peşəkar sirk ustası, akrobat olub, Moskva və Bakı sirklərində çalışıb. “Əhməd haradadır?”, “Uşaqlığın son gecəsi” və s. filmlərdə çəkilib.

1 sentyabr 1941 – Əməkdar mədəniyyət işçisi, şair, publisist Tofiq Abdin (Tofiq Məhərrəm oğlu Abdinov; 1941 – 24.2.2014) Salyan rayonunun Qırmızıkənd kəndində anadan olub.

1 sentyabr 1945 – Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Təbriz oğlu Kərim (1945 –  2.10.2013) Zəngəzur mahalının Şəki kəndində doğulub. Azərbaycanın qədim musiqi alətləri haqqında tədqiqatlar aparıb, Musiqi Mədəniyyəti Dövlət Muzeyinin nəzdində Qədim musiqi alətləri ansamblını yaradıb.

1 sentyabr 1949 – Əməkdar artist Atabala Osman oğlu Səfərov (1949 – 20.12.2020) Şabran rayonunda doğulub. Musiqili Komediya, Gənc Tamaşaçılar Teatrında çalışıb, televiziya tamaşalarında maraqlı rollar oynayıb.

1 sentyabr 2009 – Xalq rəssamı Yusif İsmayıl oğlu Hüseynov (15.10.1928 – 2009) vəfat edib. Azərbaycan Rəssamlar İttifaqının sədri olub.

1 sentyabr 2023 – Azərbaycan rəqqaslıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar artist Aliyə Allahqulu qızı Ramazanova (7.2.1941 – 2023) vəfat edib.

 

2 sentyabr 1909 – Yazıçı-dramaturq, tərcüməçi Rza Nəbi oğlu Şahvələd (1909 – 2.7.1984) Tiflisdə anadan olub.

2 sentyabr 1916 –  Əməkdar incəsənət xadimi, rəssam Əyyub Müseyib oğlu Hüseynov (1916–1998) Naxçıvan MR Kəngərli rayonunun Xok kəndində doğulub. Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbinin direktoru işləyib.

2 sentyabr 1930 – Əməkdar rəssam Hüseyn Gülbala oğlu Hüseynov (1930–1987) Bakının Buzovna kəndində doğulub. Azərbaycan dilində rəssamlığa dair ilk dərsliklərin müəllifidir.

2 sentyabr 1947 – Xalq artisti, tarzən Fikrət Süleyman oğlu Verdiyev (1947 – 22.12.2022) Gəncə şəhərində doğulub. “Göygöl” xalq çalğı alətləri ansamblının yaradıcısı, Gəncə Dövlət Filarmoniyasının bədii rəhbəri olub.

2 sentyabr 1949 – Əməkdar incəsənət xadimi, bəstəkar, pedaqoq İsmayıl Soltan oğlu Hacıbəyov (1949 – 25.3.2006) anadan olub. “Firuzə” operası, “Memorial” kantatası, “Naxışlar” fantaziyası və digər əsərlərin müəllifidir.

2 sentyabr 1949 – Teatr rejissoru Yusif Məmmədağa oğlu Əkbərov (1949 – 4.10.2016) Bakıda doğulub. Sumqayıt Dövlət Dram, Musiqili Komediya teatrlarında quruluşçu rejissor və baş rejissor işləyib.

 

3 sentyabr 1931 – Xalq rəssamı, professor Oqtay Yusif oğlu Şıxəliyev (1931 – 31.1.2012) Bakıda doğulub. Müxtəlif janrlarda əsərlər yaradıb, Azərbaycanın ilk professional monumentalist rəssamlarından biridir.  Tabloları Fransada, Almaniyada şəxsi kolleksiyalarda saxlanılır.

3 sentyabr 1951 – Görkəmli aktyor, Xalq artisti, Dövlət mükafatı laureatı Yaşar Məmmədsadıq oğlu Nuri (1951 – 22.11. 2012) Bakıda anadan olub. Akademik Milli Dram Teatrında fəaliyyət göstərib. Televiziya tamaşalarında, kinoda (“Yol əhvalatı”, “Tənha narın nağılı”, “Yaramaz”, “Bəyin oğurlanması”, “Qətl günü”) yaddaqalan obrazlar yaradıb.

3 sentyabr 2021 – Xalq rəssamı, heykəltaraş Arif Şamil oğlu Qazıyev (2.1.1937 – 2021) vəfat edib. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.

3 sentyabr 2022 – Əməkdar incəsənət xadimi, şair, tərcüməçi Səyavuş İmran oğlu Məmmədzadə (2.10.1935 – 2022) vəfat edib.

 

Dünya

 

31 avqust 1897 – Amerika aktyoru, iki dəfə “Oskar” laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel; 1897–1975) anadan olub.

31 avqust 1941 – Görkəmli rus şairi, yazıçı Marina Svetayeva (8.10.1892 – 1941) vəfat edib. Əsərləri: “Qırmızı at üstündə” (poema), “Əsir ruh” (nəsr) və s.

 

1 sentyabr 1854 – Alman bəstəkarı və dirijoru Engelbert Humperdink (Engelbert Humperdinck; 1854–1921) anadan olub.

1 sentyabr 1875 – Amerika yazıçısı Edqar Berrouz (Edgar Rice Burroughs; 1875–1950) anadan olub. Tarzan haqqında romanların, “Marslılar” seriyasından elmi-fantastik  əsərlərin müəllifidir.

 

2 sentyabr 1916 – Türk kinorejissoru, ssenarist Mehmet Lütfi Akad (1916 – 19.11.2011) anadan olub.

2 sentyabr 1926 – Rus aktyoru, SSRİ Xalq artisti Yevgeni Leonov (1926–1994) anadan olub. Filmləri: “Zolaqlıların səfəri”, “Uğur centlemenləri”, “Mimino”, “Payız marafonu” və s.

 

3 sentyabr 1883 – Rus yazıçısı İvan Sergeyeviç Turgenev (9.11.1818 – 1883) vəfat edib. Əsərləri: “Atalar və oğullar”, “Ərəfə”, “Zadəgan yuvası”, “Rudin” romanları, “Ovçunun qeydləri” hekayələr toplusu” və s.

3 sentyabr 1927 – Belarus yazıçısı Aleksandr Adamoviç (1927–1994) anadan olub. Əsərləri: “Partizanlar”, “Xatın povesti”, “Sonuncu məzuniyyət”, “Blokada kitabı”.

Hazırladı: V.Orxan