Şuşa Dövlət Musiqili Dram Teatrı yeni mövsümü sentyabrın 13-də “Dağılan tifaq” tamaşası ilə açacaq.

Ötən mövsümün sonlarında premyerası reallaşan tamaşa Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Yadigar Muradov, rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Əməkdar artist Azad Məmmədovdur. Rolları Xalq artisti Şükufə Musayeva, Əməkdar artistlər Teymur Məmmədov, Nazir Rüstəmov, Azad Məmmədov, aktyorlar Rasəf Mehdiyev, Xanirə İsgəndərova, Türkay Cəfərli, Cavidan Kəsəmənli, Məmməd Məmmədov, Gündüz Qasımov və başqaları ifa edirlər.

İlin sonunadək teatrda biri uşaqlar üçün olmaqla üç yeni tamaşa hazırlanacaq. Hər üçünə teatrın baş rejissoru Əməkdar artist Loğman Kərimov quruluş verəcək.

Bunlar yazıçı-dramaturq İlqar Fəhminin “Hacı yağışı” pyesi əsasında komediya, Sevinc Nuruqızının uşaqlar üçün yazdığı hekayələr əsasında maarifləndirici tamaşa və dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Buynuzlu ana maral” hekayəsi əsasında ərsəyə gələcək eyniadlı dram nümunəsidir. Qeyd edək ki, hekayənin səhnələşdirəni də L.Kərimovdur. Uşaq tamaşası məktəblilərin qış tətili günlərində təqdim olunacaq.