Sentyabrın 18-də Milli Musiqi Günü və Üzeyir Hacıbəylinin anadan olmasının 139-cu ildönümü münasibətilə dahi bəstəkarın ev-muzeyində tədbir keçirildi.

Musiqişünasların, ziyalıların iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycana yeni gətirilən “termenvoks” adlı elektromusiqi alətində Üzeyir Hacıbəylinin musiqi müəllifi olduğu himnimiz səsləndirildi.

Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov çıxış edərək Üzeyir bəyin zəngin yaradıcılığından danışdı. O, 18 sentyabrın görkəmli Azərbaycan bəstəkarı Müslüm Maqomayevin də doğum günü olduğunu deyərək milli musiqimizin inkişafında və təbliğində Üzeyir bəyin böyük məsləkdaşını yad etdi.

Xalq artisti aktyor Əli Nur hələ tələbəlik illərində Üzeyir bəy haqqında eşitdiyi dəyərli xatirəni yazılı şəkildə muzeyə hədiyyə etdi.

Yazıçı-dramaturq Əmir Pəhləvan, qocaman jurnalist Firuz Haşımlı, şairə Kəmalə Abıyeva və başqaları Üzeyir Hacıbəylinin musiqi xadimi kimi misilsiz xidmətləri ilə yanaşı, onun publisistikasından, ədəbi yaradıcılığından söz açdılar. Bildirildi ki, dahi bəstəkar şəxsiyyət və cəsarət nümunəsi kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.

Əmir Pəhləvanın Üzeyir bəyə həsr etdiyi “Millətin himni sən, bayrağı sənsən!” şeiri alqışlarla qarşılandı.

Çıxışlardan sonra musiqi nömrələri təqdim olundu.

Ş.Ələkbərova adına 20 nömrəli, T.Quliyev adına 12 nömrəli musiqi məktəblərinin şagirdləri, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti tələbələrinin ifasında Üzeyir bəyin “Arazbarı”, “Sevgili canan” və s. əsərləri səsləndirildi. M.Maqomayevin “Şah İsmayıl” operasından Aslan şahın ariyası, bəstəkar İlhamə Adilqızının “Üzeyir dünyası” adlı mahnısı və digər bəstəkarların əsərlərinin yer aldığı proqram alqışlarla qarşılandı.

Sonda bəstəkarın ev-muzeyinə təqdim edilən termenvoks aləti barədə qısa məlumat verək. 1918-ci ildə rus ixtiraçısı Lev Termen tərəfindən yaradılmış elektromusiqi alətinin əsas xüsusiyyəti onu çalarkən ifaçının alətlə təmasına ehtiyac olmamasıdır. İxtiraçısı tərəfindən 1928-ci ildə patentləşdirilən alətə “ezerfon” da deyilir. İfa iki metal antena sayəsində təmin edilir. Bu antenalar aləti çalan adamın əllərinin mövqeyinə görə səs çıxarır. Bir əllə titrəyiş dalğaları göndərilir, digər əllə isə səsin şiddəti müəyyən edilir. Elektrik siqnalları termenvoks üzərində yaradılır və səs dinamiklərinə göndərilir.

Lalə Azəri