Ümummilli lider Heydər Əliyevin ideyaları bu əlaqələrin inkişafında mühüm rol oynayıb

 

Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində sentyabrın 25-də Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət” (qazax dilində) kitabının təqdimatı keçirilib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında qeyd edib ki, Qazaxıstanda Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın təqdimatını keçirmək bizim üçün böyük şərəfdir: “Bu tədbir təkcə Ulu öndərə ehtiram əlaməti deyil, həm də ölkələrimiz arasında möhkəm tarixi əlaqələrin olduğunu təsdiqləyir. Azərbaycan və Qazaxıstan qardaş ölkələr olmaqla qarşılıqlı etimad və əməkdaşlığa əsaslanan münasibətləri inkişaf etdirirlər. Bizi ümumi tarix, mədəniyyət və adət-ənənələr birləşdirir ki, bu da əlaqələrimizi xüsusilə dəyərli edir. Azərbaycan-Qazaxıstan münasibətlərinin və bugünkü yüksək inkişaf səviyyəsinin banisi Ulu öndər Heydər Əliyevdir. Ümummilli liderin dost ölkəyə səfərləri, keçirdiyi görüşlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində əlaqələrin inkişafı üçün möhkəm zəmin yaradıb. Biz Qazaxıstanda Heydər Əliyevin xatirəsinə göstərilən dərin hörmət və ehtiramdan məmnunluq duyuruq. Ötən ilin aprelində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin iştirakı ilə Astanada Heydər Əliyev adına küçənin açılışının keçirilməsi bunun bariz nümunəsidir”.

Qeyd olunub ki, Ümummilli liderin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də mədəniyyət sahəsində əlaqələrin inkişafında həmişə mühüm rol oynayıb. Bu gün türkdilli dövlətlərlə əlaqələrin dərinləşdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi Azərbaycanın xarici siyasətinin ən mühüm istiqamətlərindən biridir: “İnanırıq ki, Heydər Əliyevin zəngin dövlətçilik irsi gələcəkdə də ölkələrimiz arasında əməkdaşlığın möhkəmlənməsi və dərinləşməsi üçün öz töhfəsini verəcək”.

Təqdimatı keçirilən kitab haqqında danışan nazir bildirib ki, bu nəşr böyük siyasi xadim, yeni müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin və onun ömür-gün yoldaşı, görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyatının mühüm məqamlarını əks etdirən təsirli hekayətdir. Qeyd olunub ki, Elmira Axundovanın kitabları arasında onun bir neçə dilə tərcümə edilmiş və Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülmüş “Heydər Əliyev və onun dövrü” çoxcildliyi də xüsusi yer tutur.

Xalq yazıçısı Elmira Axundova deyib: “Altıcildlik “Heydər Əliyev. Şəxsiyyət və zaman” roman-tədqiqatı üzərində işlədiyim dövrdə, təbii ki, qəhrəmanımın ömür-gün yoldaşının şəxsiyyəti ilə də yaxından maraqlanmışdım. Çoxsaylı müsahiblərim Zərifə xanım haqqında, xüsusən də Heydər Əliyevlə münasibətləri barədə xeyli maraqlı məqamları danışmışdılar. Zaman keçdikcə bu mozaik epizodlardan mükəmməl bir lövhə yarandı... Çoxillik axtarışların bəhrəsi olan həmin əsər artıq qarşınızdadır və onun nə qədər uğurlu alındığını yalnız oxucu söyləyə bilər. Ümid edirəm ki, həcmcə çox da böyük olmayan bu kitabı oxuyub başa vurandan sonra qəhrəmanlarımı daha çox sevəcəksiniz”.

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi Arxiv, sənədləşmə və kitab işi komitəsinin sədr müavini Rollan Kuspan, Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Qazaxıstan Milli Akademik Kitabxanasının direktoru Qaziza Nurqalieva, tarix elmləri doktoru, professor Fuad Məmmədov, AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri filologiya elmləri doktoru Fəridə Əzizova, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi və başqa çıxış edənlər kitabın əhəmiyyətini yüksək qiymətləndiriblər.

Sonda nazir Adil Kərimli Məhəmməd Füzulinin “Bəngü-Badə” əsərinin əlyazmasının faksimile nəşrini, Elmira Axundova isə müəllifi olduğu kitablardan bir neçə nüsxə Qazaxıstan Milli Akademik Kitabxanasına hədiyyə ediblər.