Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalının son konsertlərindən biri sentyabrın 26-da Beynəlxalq Muğam Mərkəzində keçirilib.

“Cadenza Contemporary Orchestra” orkestrinin (bədii rəhbər Türkər Qasımzadə) konsertinə festivalın qonaqlarından ispaniyalı maestro Mersedes Dias Qarsia (Mercedes Diaz Garcia) dirijorluq edib.

Proqramda amerikalı bəstəkarlar Corc Krambın (George Crumb) “Gecə musiqisi”, Con Keycin (John Milton Cage) “Oyuncaq fortepiano üçün süita”, fransız bəstəkar Pyer Bulezin (Pierre Louis Boulez) “Memorial” və Azərbaycanın Xalq artisti Azər Dadaşovun “Violonçel və kamera orkestri üçün konsert” əsərləri səslənib.

Konsertdə solist qismində Fatimə Nəsirli (skripka), Humay Qasımzadə (fortepiano), Afaq Qarayeva (oyuncaq fortepiano), Kamran Talıblı (fleyta), Əyyub Əliyev (violonçel), konsertmeyster Samir Əsədov çıxış ediblər.

İspaniyalı xanım dirijor maestro Mersedes Dias Qarsia konsertdən sonra Bakıya səfəri və azərbaycanlı həmkarları ilə işbirliyi təəssüratından bəhs edib: “Bu, Azərbaycana ilk səfərimdir. Burada olmaqdan çox şadam. Birlikdə çıxış etdiyim musiqiçilərdən bəzilərini artıq tanıyıram. Bu, mənim azərbaycanlı musiqiçilərlə ilk iş təcrübəm deyil. Azər Dadaşovun yaradıcılığı ilə tanış oldum və çox təsirləndim. Mən həm də Azərbaycan xalq musiqisini daha yaxından tanımaq istərdim. Bilirəm ki, bura ənənəvi musiqinin – muğamın mərkəzidir. Mənə burada nümayiş etdirilən ənənəvi musiqi alətləri haqqında məlumat verdilər. Bundan əlavə, parkda səslənən ənənəvi musiqini eşitdim. Musiqinizi daha ətraflı öyrənmək üçün mütləq yenidən Azərbaycana qayıtmalıyam. Bakını da gəzmək istəyirəm, çünki onun zəngin tarixə malik olduğunu bilirəm. Burada insanlar səmimi və xeyirxahdır...”.

Mersedes Dias Qarsia dünyada tanınan dirijordur. O, Missuri Simfonik Orkestri (ABŞ), Eliopolis Simfonik Orkestri (Braziliya), Vindzor Simfonik Orkestri (Kanada) kimi kollektivlərlə çıxış edib. Onun dirijorluğu ilə Almaniyada – Hamburqdakı Elbphilarmonie və Bremendəki Sendessaal kimi məkanlarda keçirilən konsertlər “Deutschlandfunk Kultur” radiokanalında yayımlanıb.

“Cadenza Contemporary Orchestra” orkestri 2021-ci ildən bəstəkar Türkər Qasımzadənin rəhbərliyi ilə fəaliyyət göstərir. T.Qasımzadə Bakı Musiqi Akademiyasının Bəstəkarlıq fakültəsini bitirdikdən sonra Nyu-Yorkda Manhettan Musiqi Məktəbində magistratura təhsili alıb. Hazırda Qarabağ Universiteti (Xankəndi) İncəsənət fakültəsinin dekanıdır.