Qərbi Sahara problemi nədir?
Mərakeş Krallığının muxtariyyət verdiyi Sahara (Qərbi Sahara) üzərində suverenliyi dünyada dəstək qazanmaqda davam edir.
Mərakeşin Azərbaycandakı səfirliyinin yaydığı məlumata görə, bu məsələ sentyabrın 26-da Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində ölkənin xarici işlər, Afrika əməkdaşlığı və Mərakeş mühacirləri naziri Nasser Bourita ilə Danimarkanın xarici işlər naziri Lars Lökke Rasmussen arasındakı görüşdə müzakirə olunub.
Görüşün sonunda dərc edilmiş birgə kommunikedə deyilir ki, “Danimarka 2007-ci ildə Mərakeş tərəfindən təqdim edilən muxtariyyət planını davam edən BMT prosesinə ciddi və etibarlı töhfə və bütün tərəflər arasında razılaşdırılmış həll üçün yaxşı əsas kimi qiymətləndirir”.
İki nazir BMT-nin rəhbərlik etdiyi prosesə və BMT baş katibinin Qərbi Sahara üzrə şəxsi nümayəndəsinin münaqişənin sülh yolu ilə və qarşılıqlı məqbul həllinə nail olmaq səylərinə dəstəklərini bir daha təkrarlayıblar. “BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Danimarkanın yeni mövqeyi muxtariyyət planını və krallığın Sahara üzərində suverenliyini dəstəkləyən beynəlxalq rəyə uyğundur. Bu, həm də Avropada və başqa yerlərdə əsas tendensiyanı təsdiqləyir”, – deyə birgə kommunikedə bildirilir.
***
Qərbi Sahara probleminin qısa tarixçəsi
Məlumat üçün qeyd edək ki, Qərbi Sahara (ərəbcə As-Ṣaḥra al-Ġarbiyya, ispanca Sahara Occidental; tarixi adları Vadi-Zahab (Rio-de-Oro) – “Qızıl çay” və Seqiet-el-Hamra – “Qırmızı çay”) Afrikanın şimal-qərbində ərazidir. Şimalda Mərakeşlə, şimal-şərqdə Əlcəzairlə, şərqdə və cənubda Mavritaniya ilə həmsərhəddir. Ərazisi 266 min kv km-dir.
XIX əsrdə Afrikanın müstəmləkələrə bölünməsi zamanı Qərbi Sahara İspaniyanın nəzarətinə keçib. 1956-cı ildə Mərakeş müstəqillik əldə etdikdən sonra Qərbi Sahara üzərində ərazi iddialarını davamlı olaraq irəli sürüb. Bununla belə, İspaniya 1975-ci ilədək ərazini öz əyaləti kimi faktiki idarə edib.
6 noyabr 1975-ci ildə Mərakeşin bütün bölgələrindən 350 min insanın Qərbi Saharaya dinc yürüşü – "Yaşıl yürüş" aksiyası təşkil edilib. Bundan sonra, noyabrın 18-də İspaniya öz administrasiyasını geri götürüb və Madrid razılaşması imzalanıb. Qərbi Sahara Mərakeş (ərazinin təxminən 80 faizinə nəzarət) və Mavritaniya arasında bölüşdürülüb. Mavritaniya daha sonra qoşunlarını Qərbi Saharadan çıxarıb və ərazi iddialarından imtina edib.
1976-cı ildə Əlcəzairin dəstəyi ilə Mərakeş qoşunlarına qarşı partizan müharibəsi aparan “Polisario Cəbhəsi” Qərbi Saharanı müstəqil dövlət (Sahara Ərəb Demokratik Respublikası) elan edib. Bir sıra ölkələr onu tanıdıqlarını bildirsələr də, sonra bu niyyətdən daşınıblar.
Beləliklə, Qərbi Sahara ərazini idarə edən Mərakeş ilə Qərbi Saharanın yerli əhalisinin maraqlarını təmsil etdiyini bildirən və Əlcəzairdən dəstək alan “Polisario Cəbhəsi” arasında mübahisəli ərazi olaraq qalıb. BMT-nin müvafiq qətnamələri də ortaq bir nəticəyə gətirməyib.
2007-ci ildə Mərakeş Qərbi Saharaya muxtariyyət təklif edib və bu təklif tədricən beynəlxalq dəstək qazanır.
Bir müddət Qərbi Sahara ilə bağlı Mərakeş və Əlcəzair arasında mübahisədə “vasitəçi-balansyaradıcı” rol oynayan Fransa da Mərakeşin muxtariyyət planına tərəfdar çıxıb. Bu ilin iyulunda Fransa Prezidenti Emmanuel Makron Mərakeş Kralı VI Məhəmmədə ünvanladığı məktubda qeyd edib ki, “Mərakeş planı” BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq ədalətli, davamlı və danışıqlar yolu ilə siyasi həllə nail olmaq baxımından yeganə əsasdır.
Makronun bu addımı Əlcəzair tərəfindən etirazla qarşılanıb və o, Parisdəki səfirini geri çağırıb.
Onu da qeyd edək ki, 2021-ci ildə 20-dən çox ölkə (əksəriyyəti Afrika ölkələri) El-Ayyun (Laayoune) şəhərində konsulluq açaraq Qərbi Sahara üzərində Mərakeşin suverenliyini tanıyıb. 2020-ci ildə ABŞ Prezidenti Donald Tramp da Mərakeşin Qərbi Sahara üzərində suverenliyini tanıyan bəyannamə imzalamışdı.
BMT mübahisənin həlli üçün ərazidə referendum keçirməyi təklif edib. Amma səsvermə hüququ olan şəxslərin siyahılarının razılaşdırılması məsələsində tərəflər arasında fikir ayrılığı olduğundan referendum hələ baş tutmayıb.
Vüqar Orxan