M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının yaradılmasının 35-ci ildönümü tamam olub. Sentyabrın 25-də bu münasibətlə tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları teatrın foyesində yubileyə həsr olunan kompozisiyanı izləyiblər.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası (NMR) mədəniyyət nazirinin müavini Həsən Seyidov, Türkiyənin NMR-dəki baş konsulu Asip Kaya yaradıcı heyətə yeni yaradıcılıq uğurları arzulayıblar.
Teatrın direktoru və bədii rəhbəri Xalq artisti Şirzad Abutalıbov cari repertuar, kollektivin qastrol səfərləri, eləcə də maarifləndirmə xarakterli sosial-mədəni layihələr barədə məlumat verib.
Xalq artisti Kamran Quliyev, AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi dosent Ələkbər Qasımov, NMR-in Əməkdar mədəniyyət işçisi Nadir Hüseynov və başqaları Naxçıvanın mədəni mühitində özünəməxsus yeri olan sənət ocağının yaradıcılıq yolundan danışıblar.
Çıxışlardan sonra Aleksey Tolstoyun “Qızıl açar, yaxud Buratinonun macəraları” əsəri əsasında hazırlanan “Buratino” tamaşası nümayiş olunub.
Xatırladaq ki, Azərbaycan SSR Nazirlər Sovetinin 14 sentyabr 1989-cu il tarixli qərarı ilə yaradılan teatr əvvəlcə Naxçıvan Dövlət Filarmoniyasının binasında yerləşib. 2004-cü ildə bina ilə təmin olunan teatr həmin ildən görkəmli maarifçi, pedaqoq, şair Məhəmməd Tağı Sidqinin (1854–1903) adını daşıyır.