Azərbaycan Turizm Bürosunun iştirakı ilə sentyabrın 26-27-də Moskva şəhərində keçirilən “Luxury Travel Mart (LTM) Moscow Autumn” tədbirində ölkəmizin lüks turizm potensialı tanıdılıb.

Dövlət Turizm Agentliyindən bildirilib ki, tədbirdə iştirakın əsas məqsədi Azərbaycanın qabaqcıl lüks turizm destinasiyası kimi mövcud imkanlarını qlobal müstəvidə nümayiş etdirmək, potensial tərəfdaşları müəyyənləşdirmək, həmçinin təbliğat fəaliyyətlərini genişləndirməkdir.

Rusiyanın lüks turizm üzrə ixtisaslaşmış aparıcı turoperator və agentlikləri ilə keçirilən B2B (biznesdən-biznesə) görüşlərdə Azərbaycanın turizm potensialı, o cümlədən xizək kurortları, Bakı şəhər turları, sağlamlıq və termal istirahət mərkəzləri, eləcə də işgüzar və lüks turizm məhsulları haqqında məlumat verilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust aylarında Rusiyadan Azərbaycana ümumilikdə 501 417 nəfər səfər edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18 faizdən çox artıb.