UNESCO-da Azərbaycanın COP29-la bağlı təşəbbüsünə həsr edilmiş konfrans

 

əvvəli səh. 1-də

Həmçinin COP29-un əhəmiyyətindən və məqsədlərindən danışılıb. Bildirilib ki, Bakının ev sahibliyi edəcəyi COP29 iqlim böhranının həlli istiqamətində xüsusi əhəmiyyətə malikdir. Bakıda “Dostlar Qrupu”nun fəaliyyətinin aktivləşəcəyinə, iqlim dəyişikliyi ilə bağlı qəbul ediləcək qərar və görüləcək tədbirlərin mədəni irsin qorunması baxımından da böyük əhəmiyyət kəsb edəcəyinə inam ifadə olunub.

İqlim dəyişikliyi ilə mübarizədə mədəniyyətin həlledici əhəmiyyəti, eləcə də iqlim təsirlərinin həlli yollarında əsas rolu, mədəniyyətin iqlim dəyişikliyi ilə mübarizə strategiyalarına inteqrasiyasının vacibliyi vurğulanıb. Dövrümüzün ən böyük problemlərindən olan iqlim dəyişikliyini azaltmaq və ona uyğunlaşmaq üçün mədəniyyətin əsas mənbə olduğu diqqətə çatdırılıb.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın COP29-a ev sahibliyi və bu mötəbər tədbirin məqsədlərindən söz açıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə başlamış “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb və bu ilin mayında paytaxtımızda keçirilən VI Dünya Mədəniyyətlərarası Dialoq Forumunun yekun bəyannaməsini xatırladıb.

“Mədəniyyətin gücündən istifadə etməklə möhkəm gələcək qura bilərik”

“COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan bu mühüm səyə öz töhfəsini verməyə dərindən sadiqdir. Mədəniyyətin gücündən – ortaq dəyərlərimizdən, biliklərimizdən və yaradıcı ifadəmizdən – istifadə etməklə hamı üçün daha davamlı və möhkəm gələcək qura biləcəyimizə inanırıq. Mədəni fəaliyyətə olan bu öhdəlik Azərbaycanın beynəlxalq fəaliyyətində dərin kök salmışdır. Mədəni müxtəlifliyi, mədəniyyətlərarası dialoqu və mədəni irsin qorunmasını təşviq etmək üçün UNESCO da daxil olmaqla çoxsaylı təşkilatlarla fəal əməkdaşlıq edirik. Bu tərəfdaşlığın bariz nümunəsi 2008-ci ildə başlanmış və müxtəlif mədəniyyətlər arasında əməkdaşlığı inkişaf etdirmək üçün qlobal miqyasda tanınan mədəniyyətlərarası dialoq üzrə “Bakı Prosesi”dir”, – deyə Fərid Cəfərov vurğulayıb.

Qeyd olunub ki, VI Dialoq Forumunun yekun bəyannaməsində mədəni irsə müxtəlif təhlükələr, eləcə də iqlim dəyişikliyinin, qeyri-qanuni miqrasiya və silahlı münaqişələrin təsirləri diqqətə çatdırılıb, bu sahələrdə birgə fəaliyyətin zəruriliyi vurğulanıb.

Azərbaycan-UNESCO əməkdaşlığına toxunan nazir müavini qurumun İpək Yolları Proqramı, İpək Yolu Xəzər-Volqa Dəhlizi II Subregional Konfransı, “Volqa-Xəzər İpək Yolu Dəhlizi”nin Dünya İrs Siyahısına namizədliyi barədə danışıb, Azərbaycanın mədəni irsin qorunması sahəsində gördüyü işlərdən söz açıb.

“Mədəniyyətin qorunub saxlanılmasına sədaqətimiz, təbii olaraq, iqlim dəyişikliyi kimi qlobal problemlərin həllini əhatə edir. COP28 konfransında 30-dan çox hökumət hökumətlərarası və mədəniyyət təşkilatları ilə birlikdə “Mədəniyyətə əsaslanan İqlim Fəaliyyətinin Dostları Qrupu”nu (GFCBCA) yaratdı. Bu səy iqlim böhranının həllində mədəniyyətin rolunun tanınmasında mühüm addımdır. Qrup Azərbaycan, Braziliya və Birləşmiş Ərəb Əmirliklərinin birgə sponsorluğu ilə 2-ci Yüksək Səviyyəli Nazirlər Dialoqu üçün COP29-da yenidən toplanacaq”, – deyə F.Cəfərov bildirib.

Vurğulanıb ki, Azərbaycanın COP29-a sədrliyi zamanı həmçinin mədəniyyəti müsbət iqlim fəaliyyətinə qlobal güc kimi təbliğ etmək məqsədilə “Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” (C4C) təşəbbüsü işə başlayacaq. C4C təşəbbüsü mədəniyyətin davranışları necə formalaşdıra biləcəyi və iqlim böhranı üçün transformativ həll yolları haqqında fikirlər təqdim edəcək.

Beynəlxalq ekspert Martin Nyumən təməli Bakıda qoyulacaq, Azərbaycanın COP29-a sədrliyi çərçivəsində dünya ölkələrinin mədəniyyət nazirlərini bir araya gətirəcək C4C  təşəbbüsünün mahiyyəti, məqsəd və strategiyalarını təqdim edib. Bildirib ki, Azərbaycan Mədəniyyət Nazirliyinin bu yeni təşəbbüsü “Dostlar Qrupu”nun mühüm səylərini tamamlayacaq, potensialını gücləndirəcək.

“Mədəniyyətə əsaslanan iqlim fəaliyyəti” təşəbbüsü ilə bağlı videotəqdimat  olub. Konfrans UNESCO-ya üzv dövlətlərin daimi nümayəndələrinin çıxışları ilə davam edib.