Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illiyi münasibətilə 9-10 oktyabr tarixlərində Ankaradakı Qazi Universitetində simpozium keçirilib.

Simpoziumun açılışında AMEA-nın prezidenti İsa Həbibbəyli, ölkəmizin tanınmış alimləri, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türk Mədəniyyətinin Tədqiqi İnstitutunun direktoru Əhməd Bican Ercilasun, Yunus Əmrə İnstitutunun direktoru Abdurrahman Ali, Qazi Universitetinin rektoru Uğur Ünal iştirak ediblər.

Professor Əhməd Bican Ercilasun açılış nitqində bildirib ki, Füzuli irsi ədəbiyyatın və fəlsəfənin zirvəsi olmaqla yanaşı, həm də Türk dünyasını birləşdirməyə davam edir.

Akademik İsa Həbibbəyli çıxışında Məhəmməd Füzulinin 530 illiyi ilə bağlı Azərbaycan Prezidentinin sərəncam imzaladığını diqqətə çatdırıb, bu yubileyin bütün Türk dünyasında geniş qeyd edildiyini deyib.

Bildirib ki, dahi Azərbaycan şairinin adı haqlı olaraq dünya ədəbiyyatının şah əsərlərinin müəllifləri ilə bir sırada çəkilir. “Füzulinin adı Azərbaycan tarixində həm doğma Azərbaycan dilində, həm də ərəb və fars dillərində ədəbi əsər nümunələrinin müəllifi kimi əbədi olaraq qalacaq. Başqa belə bir şair yoxdur” deyən İsa Həbibbəyli mütəfəkkir şairin “Şikayətnamə”, “Leyli və Məcnun” və digər əsərlərini, qəzəllərini söz sənətinin ölməz abidələri adlandırıb.

Qeyd edib ki, hələ şairin sağlığında əsərləri İstanbul, Təbriz, Daşkənd və Türk dünyasının digər iri şəhərlərində məşhur olub. “Füzuli yaradıcılığı tarixin sınağından çıxıb və əsrlər boyu yaşayacaq” deyən AMEA prezidenti dahi şairin yaradıcılığından bəhs edən kitabı Qazi Universitetinə hədiyyə edib.

Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov simpoziumun təşkilatçılarına minnətdarlığını bildirib. Diplomat xatırladıb ki, Azərbaycanın rayonlarından biri Füzulinin adını daşıyır. Otuzillik erməni işğalından azad edilən ölkəmizin bu bölgəsi indi yenidən qurulur. Diplomat qeyd edib ki, tarixinin ən çətin dövrlərində belə Azərbaycan Füzulini unutmayıb. Ümummilli lider Heydər Əliyev 1994-cü ildə Füzulinin 500 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamış, bu yubiley böyük təntənə ilə, o cümlədən Ankarada qeyd edilmişdi.

***

Görkəmli şair və mütəfəkkir Məhəmməd Füzulinin irsi əsrlər boyu təkcə Türk dünyasının deyil, bütövlükdə bəşəriyyətin mədəni-mənəvi inkişafına xidmət edib.

Bunu isə simpoziumda çıxış edən AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru Teymur Kərimli deyib. Akademik bildirib ki, Füzulinin əsərlərinin geniş miqyasda şöhrət qazanmasının sirri dahi şairin yaradıcılığının hər bir yeni nəslin nümayəndələrinə xitab etməsidir: “Onun poeziyasının gücü bir çiçək kimi bəslədiyi və gələcək nəsillərə məhəbbətlə ötürdüyü Azərbaycan dilindən qaynaqlanır. Füzuli öz əsərlərində təkcə Azərbaycan türklərinə deyil, Osmanlı dövlətinin sakinlərinə, Orta Asiya xalqlarına da müraciət edir. Şair-maarifçi türk xalqları arasında körpü rolunu oynayıb”.

“Dahi şairin yaradıcılığının məqsədlərindən biri də insanları qəm və kədərdən xilas etməkdir. Əgər Füzuli və Nizami kimi görkəmli humanistlər olmasaydı, müasir dünya bir çox problemlərlə mübarizə aparardı”, – deyə Teymur Kərimli vurğulayıb.

Simpoziumun davamında füzulişünas alimlərin, ədəbiyyatşünasların dahi şairin irsi ilə bağlı məruzə və çıxışları dinlənilib.

Tədbirdə VI Muğam müsabiqəsinin qalibi Almaxanım Əhmədli Füzulinin qəzəlləri üstündə muğam parçaları ifa edib. “TRT Türkü” radio kanalının “Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər dahi şairin poetik incilərini qiraət edib.