Teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlər olacaq

 

“TələbəPlus” layihəsi çərçivəsində Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Sənədi mədəniyyət nazirinin müavini Səadət Yusifova və TİF-in idarə heyətinin sədri Elnur Nəsibov imzalayıblar.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova layihənin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, imzalanmış müqaviləyə əsasən, teatr, muzey və qoruqlarda tələbələr üçün xüsusi endirimlərin tətbiq olunması gözlənilir.

Elnur Nəsibov vurğulayıb ki, layihə bütün ölkə üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatlarına dəstək göstərmək məqsədi daşıyır. Alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə xüsusi güzəştlər edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib.

Qeyd edək ki, “TələbəPlus” kartı TİF, “Kapital Bank” və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycanın ali təhsil müəssisələrinin tələbələri üçün birgə həyata keçirdiyi layihədir. Layihə təhsilin bütün pillələri (bakalavriat, magistratura,  doktorantura) üzrə təhsil alan tələbələri əhatə edir.

TİF-dən verilən məlumata görə, oktyabrın 15-dən layihə üzrə “Vahid tələbə kartı”nın verilməsinə başlanılıb. “Tələbə Plus” kartının ilkin mərhələdə 11 universitetdə (Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Türkiyə-Azərbaycan Universiteti, Fransa-Azərbaycan Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dillər Universiteti) 170 min nəfərə verilməsi nəzərdə tutulub. Növbəti mərhələlərdə layihə bütün ali təhsil müəssisələrini əhatə edəcək.