Şah İsmayıl Xətainin möhürü olan 516 yaşlı sənəd Tarix Muzeyinə hədiyyə edilib

 

Oktyabrın 15-də Milli Azərbaycan Tarixi Muzeyində maraqlı bir təqdimat oldu. Səfəvilər dövlətinin banisi, böyük sərkərdə və şair Şah İsmayıl Xətainin (1487–1524) möhürü olan tarixi sənədin – 1508-ci ilə aid fərmanın muzeyin fonduna daxil edilməsi ilə bağlı mərasim keçirildi.

Fərman bu il İngiltərədə, “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən satın alınaraq Tarix Muzeyinə hədiyyə edilib. Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Səfəvi hökmdarının mülkiyyət məsələlərinə dair fərmanlarından biri olan sənəd bütöv və möhürlü vəziyyətdə olması ilə xüsusi əhəmiyyət daşıyır.

Təqdimat mərasimində Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov, Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, millət vəkilləri, mədəniyyət və elm xadimləri iştirak edirdilər.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov çıxış edərək bildirdi ki, xalqımıza məxsus tarixi və mədəni irs nümunələrinin Azərbaycana qaytarılması və qorunub saxlanılması dövlətimizin daim diqqət mərkəzindədir. Bu həm də mədəniyyət siyasətimizin əsas istiqamətlərindən biridir: “Dövlət qurumlarının bu sahədə apardığı işlərə vətəndaşlarımızın da dəstək verməsi təqdirəlayiq haldır və bu cür təşəbbüslər cəmiyyətimizin həmrəyliyini və milli dəyərlərə bağlılığını nümayiş etdirir. Səfəvilər imperiyasının ilk illərinə məxsus bu nadir sənəd Azərbaycanın dövlətçilik ənənələrinə dair dəyərli eksponat olmaqla yanaşı, gələcək nəsillər üçün tarixi mənbədir”.

AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Şah İsmayıl Xətai imzalı bir sənədin ölkəmizə gətirilməsini böyük tarixi və siyasi əhəmiyyətli hadisə kimi dəyərləndirdi.

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı qeyd etdi ki, Azərbaycanın tarixi və mədəni irs nümunələrinin ölkəyə qaytarılması artıq ənənəyə çevrilib: “Vətəndaşımızın şəxsi təşəbbüsü ilə Azərbaycan xalqının böyük oğlu, sərkərdə və şair Şah İsmayıl Xətainin fərmanının satın alınaraq muzeyimizə hədiyyə edilməsi əsl vətənpərvərlik nümunəsidir. Bu həm də xalqımızın öz tarixini yaşatmaq və ona sahib çıxmaq əzmini göstərir”.

Fərmanın muzeyin daimi ekspozisiyasında sərgilənəcəyini bildirən Nailə Vəlixanlı Şah İsmayıl Xətainin vəfatının 500-cü ildönümünün tamam olduğu vaxtda belə bir tarixi sənədin Azərbaycana gətirilməsinin simvolik məna daşıdığını dedi.

AMEA-nın Tarix və Etnologiya İnstitutunun direktoru professor Kərim Şükürov Xətainin dövlətçilik fəaliyyəti, institutun elmi işlər üzrə direktor müavini Tofiq Nəcəfli sənədin mətni, məzmunu,  Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi isə Xətainin yaradıcılığı ilə bağlı fikirlərini bölüşdülər.

Tədbirin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Qədim musiqi alətləri ansamblının (bədii rəhbər Xalq artisti Munis Şərifov, solist Əməkdar artist Nuriyyə Hüseynova) ifasında bədii-musiqili kompozisiya təqdim olundu.

Lalə Azəri