“Rebuild Karabakh” sərgisi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması baxımından xüsusi əhəmiyyət kəsb edir. Hər il keçirilən bu sərgidə müxtəlif layihələr nümayiş etdirilir, Qarabağın bərpasına və yenidən qurulmasına dair təşəbbüslər müzakirə olunur.

Bu sözlər Prezident İlham Əliyevin 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” (“Qarabağı bərpa et”) sərgisinin iştirakçılarına müraciətində vurğulanır.

Ənənəvi “Xəzər İnşaat Həftəsi” çərçivəsində təşkil olunan sərgi oktyabrın 15-də Bakı Ekspo Mərkəzində işə başlayıb.

Prezidentin müraciətində qeyd olunur ki, builki sərgi “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 beynəlxalq tədbiri ilə eyni dövrə təsadüf edir. “Rebuild Karabakh” sərgisi bu mötəbər tədbirlə ortaq məqsədə, yəni dayanıqlı inkişaf naminə əməkdaşlığa yönəlib. Sərgidə təqdim olunan ekspozisiyalar və müzakirə mövzuları bərpa-quruculuq işlərini, həmrəyliyi və ekoloji davamlılığı nəzərdə tutur.