Prezident İlham Əliyev: Əfsuslar olsun ki, Brüsseldə, ittifaqın mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər
Avropa İttifaqı əvvəllər olduğu kimi, Ermənistan-Azərbaycan sülh məsələsində neytrallıq saxlamalıdır. Avropa İttifaqı torpaqlarımızın işğalı dövründə bu məsələdə heç vaxt fəal olmamışdır. Bizim bununla bağlı müraciətlərimiz belə cavablandırılırdı ki, bu məsələ ilə Minsk qrupu məşğul olur, Avropa İttifaqının bu məsələyə aidiyyəti yoxdur. Hazırda isə Avropa İttifaqının bu məsələyə fəal cəlb olunduğu görünür. Lakin əfsuslar olsun ki, Brüsseldə, ittifaqın mənzil-qərargahında bəziləri tərəfkeşlik edirlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu sözləri oktyabrın 14-də Belçika Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Julyen de Freponun etimadnaməsini qəbul edərkən onunla söhbət zamanı deyib.
Dövlətimizin başçısı diqqətə çatdırıb ki, hazırda nümayiş olunan bu yanaşma qeyri-məhsuldar bir mövqedir, yalnız etimadsızlıq yaradır və Avropa İttifaqını normallaşma prosesindən təcrid edir. “Mən belə bir tövsiyə edərdim ki, Avropa İttifaqı və Azərbaycan əməkdaşlığının davam etdirilməsi naminə Fransanın yolu ilə gedilməsin, özlərini Fransanın təsirinə salmasınlar. Çünki Fransanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması ilə bağlı siyasəti destruktiv siyasət olub və tamamilə bu cür də qalmaqdadır”, – deyə İlham Əliyev əlavə edib.
Prezident onu da vurğulayıb ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərində etimadsızlıq yaradan məsələlərdən biri də sərhəddə dırnaqarası “Avropa müşahidəçilər missiyasının” müddətinin bizim razılığımız olmadan, hətta bizimlə məsləhətləşmədən uzadılmasıdır: “Buna nə ehtiyac var idi?! 2022-ci ilin oktyabrında Praqada Azərbaycan ona razılıq vermişdi ki, bu missiya 2 ay orada qalsın və istefaya çıxmış məhdud sayda hərbi zabitlərdən ibarət olsun. Lakin bu missiyanın müddəti uzadıldıqda bizimlə heç kim məsləhətləşmədi. İndi də əlavə müddətə uzadılması istiqamətində müzakirələr aparılır. Missiya üzvlərinin davranışı, necə deyərlər, “binokl diplomatiyası” heç cür qəbuledilməz və hər hansı bir normal siyasi mədəniyyət standartlarından kənar idi. Biz Avropa İttifaqı ilə təmaslarda bu məsələni qaldıracağıq”.
Bu məlumatlara görə təşəkkürünü bildirən Julyen de Frepon öz tərəfindən əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini deyib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb.
Azərbaycanda COP29-un keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir bu tədbiri iqlim dəyişmələri ilə bağlı qlobal çağırış kimi dəyərləndirib. O, eyni zamanda, Belçikanın bu tədbirdə yüksək səviyyədə təmsil olunacağını bildirib.
Regional sabitliyin Belçika üçün də böyük önəm daşıdığını diqqətə çatdıran diplomat Ermənistan-Azərbaycan münasibətləri ilə də bağlı regional sabitlikdə ölkəsinin maraqlı olduğunu deyib.
Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması üzrə son dövrlərdəki irəliləyişi qeyd edən səfir bu istiqamətdə atılan addımları Belçikanın təşviq etdiyini söyləyib. O, həmçinin Azərbaycanın üzləşdiyi mina çağırışları məsələsində də Belçikanın göstərdiyi dəstəyin bundan sonra da davam etdirəcəyini vurğulayıb.
Belçikanın Avropa İttifaqının əsasını qoyan üzv dövlətlərdən biri olduğunu deyən Julyen de Frepon ölkəsinin Azərbaycan ilə Avropa İttifaqı arasında enerji keçidi, iqlim dəyişmələri, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlıqda maraqlı olduğunu bildirib.
Dövlətimizin başçısı ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensialın mövcudluğunu qeyd edərək, iki ölkənin xarici işlər nazirləri arasında keçirilən görüşlərin əməkdaşlığın gündəliyi məsələsinin müzakirəsi üçün faydalı olduğunu deyib.
Prezident İlham Əliyev COP29-a hazırlıq işlərinin yekun mərhələdə olduğunu bildirib və növbəti ildə Azərbaycanın COP-a sədrliyi dövründə də dünyanın müxtəlif bölgələri arasında körpü rolu oynamaq əzmində olduğunu deyib. Qeyd edib ki, planlaşdırdığımız layihələrin artıq bir hissəsinin həyata keçirildiyini nəzərə alsaq, qarşıdakı illərdə enerji sektorumuzda bərpaolunan enerjinin payı əhəmiyyətli dərəcədə artacaq və biz bu sahədə Belçika şirkətləri ilə əməkdaşlıq etməyə hazırıq.
Avropa İttifaqı ilə əlaqələr kontekstində Brüsseldə Aİ Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla Azərbaycan arasında aparılmış danışıqları xatırladan İlham Əliyev bildirib ki, həqiqətən, orada mühüm irəliləyişə nail olunmuşdu: “Lakin əfsuslar olsun ki, Ermənistan tərəfi Brüssel prosesi adlanan bu prosesi davam etdirməmək qərarına gəldi. Ancaq hər bir halda bu, çox yaxşı nəticə və təcrübə verən müsbət proses idi”.
Prezident İlham Əliyev qeyd edib ki, hazırkı şəraitdə daha çox diqqət ikitərəfli müstəviyə cəmlənib. Dövlətimizin başçısı vurğulayıb ki, sülh müqaviləsinin bütün bəndləri eyni dəyərə malikdir, birini digərindən ayırmaq olmaz. Bu baxımdan Ermənistan hökumətinin “bu vaxtadək nə barədə razılaşdırılıbsa, ona imza atılsın, razılaşdırılmamış müddəalar növbəti mərhələlərə saxlanılsın” qəribə təklifini tamamilə reallıqdan kənar hesab edirik.
Azərbaycan rəhbəri xatırladıb ki, torpaqlarımızın işğalı dövründə dırnaqarası “Madrid prosesi prinsipləri” mövcud idi və bunun qarşılıqlı razılaşdırılmış əsas müddəalarından biri də o idi ki, bütün məsələlər razılaşdırılmadan heç nə razılaşdırıla bilməz. Bu, ATƏT-in Minsk qrupu həmsədrlərinin, Ermənistanın və Azərbaycanın mövqeyi idi və biz bu mövqedə qalırıq: “Əfsuslar olsun ki, keçmiş Minsk qrupunun bəzi üzvləri bununla bağlı öz mövqelərini dəyişdirdilər və Ermənistanın indiki qeyri-real təklifini dəstəkləyirlər. Bir çox hallarda Ermənistan tərəfi bu təklifləri irəli sürməklə guya sülh istəyində olduqlarını nümayiş etdirir. Lakin onlar əvvəlcədən bilirlər ki, bu təkliflər qəbul oluna bilməz. Bütün bunlara baxmayaraq, proses davam edir... Ona görə səbirli, realist və son nəticədə Cənubi Qafqazda sülhə nail olunmasına sadiq olmaq lazımdır”.
Prezident qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı geniş gündəliyə malikdir. Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Beləliklə, Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı Azərbaycan-Aİ əməkdaşlığında geriləmə olarsa, bu, təəssüf hissi doğurar. Dövlətimizin başçısı ümidvar olduğunu bildirib ki, rəsmi Bakı və Brüssel arasında ikitərəfli münasibətlər də Ermənistan-Azərbaycan gündəliyindən asılı olmayaraq inkişaf edəcək.
***
Prezident İlham Əliyev oktyabrın 14-də Danimarka Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Ole Toftun, Estoniya Respublikasının Azərbaycandakı yeni səfiri Vayno Reynartın, Benin Respublikasının səfiri Akambi Andre Okunlola-Biaunun və Qətər Dövlətinin ölkəmizdəki yeni səfiri Məhəmməd Həməd Səad əl-Fuheyd əl-Hacirinin etimadnamələrini də qəbul edib.