Oktyabrın 16-da Almaniya Federativ Respublikasının paytaxtı Berlində Azərbaycanın səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin və Bakı Slavyan Universitetinin (BSU) birgə təşkilatçılığı ilə “Germanistikanın yeni yolları: Alman dili və ədəbiyyatı Azərbaycanda” adlı elmi konfrans keçirilib. Tədbirdə BSU-nun rektoru Anar Nağıyev və universitetin bir neçə əməkdaşı iştirak edib.
Konfransın açılış mərasimində BSU-nun rektoru Anar Nağıyev və Azərbaycanın Almaniyadakı fövqəladə və səlahiyyətli səfiri Nəsimi Ağayev çıxış ediblər. Çıxışlarda Azərbaycan-Almaniya elmi və mədəni əlaqələrinin əhəmiyyəti vurğulanıb, konfransın mövzusunun aktuallığı qeyd olunub.
Elmi müzakirələr germanistika sahəsinin tanınmış mütəxəssisləri Ziglinda Hartman, Cemal Yıldız, Leyla Coşan, Eva Maria Auch, Sevinc Rzayeva, Fatimə Salimova, Ernest Hess-Lüttich, Aleksandr Kartozianın çıxışları ilə davam edib.