Çingiz Aytmatov adına Qırğızıstan Milli Elmlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları “Aytmatov və Azərbaycan” mövzusunda materialları əldə etmək üçün Milli Kitabxananın qonağı olublar. Səfər görkəmli yazıçının 100 illik yubileyi ilə əlaqədar “Aytmatov Ensiklopediyası”nın hazırlanması layihəsi çərçivəsində reallaşıb.

Kitabxanadan bildirilib ki, Milli Kitabxananın nadir kitablar və Azərbaycan ədəbiyyatının arxivi fondundan istifadə edən əməkdaşlar görkəmli qırğız yazıçısı Çingiz Aytmatov haqqında fondda mühafizə olunan materiallardan istifadə ediblər.

Qonaqlara Milli Kitabxananın nəşrlərindən “Azərbaycan Milli Kitabxanası” fotoalbomu, “Nizami Cəfərov” və “Bəxtiyar Vahabzadə” biblioqrafiya kitabları hədiyyə olunub.