Mədəniyyət naziri Adil Kərimli oktyabrın 18-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının kollektivi ilə görüşüb.
Teatrın zalında keçirilən görüşdə nazir Gənc Tamaşaçılar Teatrının Azərbaycan mədəniyyətində xüsusi yeri olduğunu qeyd edib. Bildirilib ki, teatr maraqlı tamaşalar, həyata keçirdiyi layihələrlə yanaşı, xarici ölkələrdə təşkil olunan festivallarda da ölkəmizi uğurla təmsil edir.
Nazir qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyətin digər sahələri kimi, teatr sənətinin də inkişafına diqqət və qayğı göstərilir. Son illərdə bəzi teatrlara “akademik”, Gənc Tamaşaçılar Teatrı da daxil bir neçə kollektivə “milli” statuslarının verilməsi bu diqqətin bariz nümunəsidir.
Teatrın direktoru Naidə İsmayılzadə kollektivlə görüşə gəldiyi, sənət ocağının problemləri ilə maraqlandığı üçün nazirə təşəkkür edib.
Direktor teatrın bir sıra texniki problemlərini nəzərə çatdıraraq qeyd edib ki, yaradıcı prosesin güclənməsi, yeni tamaşaların daha keyfiyyətli hazırlanması üçün texniki bazanın gücləndirilməsi əhəmiyyətlidir.
Teatrın rejissorları Ağalar İdrisoğlu, Gülnar Hacıyeva, Elşad Rəhimzadə, Xalq artistləri Yasin Qarayev, Nübar Novruzova, Naibə Allahverdiyeva, Əməkdar artistlər Kəmalə Müzəffər, Nofəl Vəliyev, Şövqi Hüseynov, Elnur Kərimov, aktyorlar Aygün Fətullayeva, İmdad Tofiqoğlu, işıq sexinin rəisi Vadim Kuskov, radio sexinin rəisi İradə Muradova, dekorçu Pərvanə Məmmədova çıxış edərək teatrın uğurlarından, yaradıcılıq prosesindən, eləcə də mövcud problemlərdən danışıblar.
Adil Kərimli teatrın texniki və digər məsələlərinin diqqətdə olduğunu, səslənən problemlərin ardıcıl həlli istiqamətində işlər aparılacağını vurğulayıb. O, həmçinin nazirliyin teatr sənətinin inkişafına yönəlmiş təşəbbüslərə, yaradıcı təkliflərə dəstək verməyə hazır olduğunu bildirib.
Nazir görüşün sonunda kollektivə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.