Azərbaycan tarı... Onun sədası əsrlərdir qəlblərimizi oxşayır, ruhumuza sığal çəkir. Əbəs deyil ki, tarı Azərbaycan milli musiqisinin təmiz nəfəsi kimi səciyyələndiriblər.
Mərhum musiqişünas Məcnun Kərimov tarı belə tərif edib: “Tar Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə ən mükəmməl çalğı alətidir. Azərbaycan tarı həm xarici görkəmi, həm səs tembri, həm də ifa tərzinə görə başqalarından fərqlənir, daha mükəmməl hesab edilir”.
“Tar” qədim türk sözü olub, Azərbaycan dilində bir çox mənalarda işlədilir. Məsələn, “tarım çəkmək”, “tarma”, “tar etmək” və s.
Böyük bəstəkar və pedaqoq Üzeyir Hacıbəyli Azərbaycan tarının texniki ifaçılıq və səslənmə imkanlarına istinadən yazırdı: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”.
XIX əsrin ikinci yarısından etibarən Azərbaycanda görkəmli tarzənlər nəsli yetişməyə başlayıb. Mirzə Sadıq (Sadıqcan), Mirzə Mansur Mansurov, Məşədi Zeynal Haqverdiyev, Məşədi Cəmil Əmirov, sonralar Məmmədxan Bakıxanov, Sərvər İbrahimov, Bəhram Mansurov, Həbib Bayramov kimi sənətkarlar bu sənətin yaşadılması və təbliğinə mühüm töhfələr veriblər. Bu ustadların davamçıları olan tarzənlər XX yüzillikdə Azərbaycan tar ifaçılığını daha da zənginləşdiriblər. Bu yazıda onlardan biri, bu il anadan olmasının 100 illiyi qeyd edilən unudulmaz tarzən, pedaqoq, musiqi təşkilatçısı, Əməkdar artist Əhsən Dadaşovun (1924–1976) yaradıcılıq yoluna nəzər salırıq. 52 il ömür yaşayan görkəmli tarzən instrumental ifaçılıq tariximizdə əbədi qalacaq özünəməxsus dəst-xətt və ad qoyub.
Tar sənətinin Əhsən zirvəsi
Tar aləti kənardan sadə görünsə də, ifası o qədər də asan deyil. Tarın özünəməxsus ifaçılıq xüsusiyyətləri var. Xalq artisti, tarzən Vamiq Məmmədəliyevin dərslərini çox izləmişəm və ondan eşitdiyim maraqlı ifadələr yadıma düşür. O, həmişə tələbələrinə deyirdi ki, bu, Əhmədxanın xallarıdır, bu, Əhsənin mizrabıdır. Yəni hər ifaçının öz yolu var. Bu xüsusda mütəmadi eşitdiyim “Əhsən mizrabı”, “Əhsən barmağı” ifadələri mədəniyyət sahəsinin yazarı kimi məni həmişə düşündürüb. Görəsən, Əhsən Dadaşovun ifaçılığını digərlərindən fərqləndirən cəhətlər nələrdir?
Elə ifaçılar var ki, dəfələrlə, saatlarla dinləyərsən və hər dəfəsində də yenilik taparsan. Əhsən Dadaşov ifaçılığı da məhz belə olub. O, istər solo ifaçı, istər müşayiətçi, istərsə də bəstəkar kimi milli musiqimizin inkişafına mühüm töhfələr verib. Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini, muğamlarımızı yüksək məharətlə, incə zövqlə ifa edib.
Görkəmli tarzən bütün yaradıcılığı boyu milli musiqidən bəhrələnib. Bəlkə də məhz bu cəhət ona muğamı, mahnını bənzərsiz mizrablarla və xallarla təqdim etmək imkanı yaradıb. Milli musiqimizin instrumental ifaçılığı tarixində elə sənətkarlar var ki, onların çalğısı bizə qeyri-adi əhval bəxş edir. Əhsən Dadaşovun lent yazılarını dinləyərkən onun ifaçılığı da bizə bu əhvalı yaşadır. O sanki mizrabla ilmə-ilmə naxış toxuyur. Xalçalarımıza vurulan misilsiz naxışlar kimi musiqimizi də milli naxışlarla bəzəyir, əlvan rənglərə boyayır. Bu xüsusiyyət Əhsən Dadaşovu klassik peşəkar ifaçılar içərisində fərqləndirirdi. O, tarın çalğı elementlərini daha yüksək səviyyəyə qaldırmış bir sənətkar idi.
Yazını yazdıqca Əhsən Dadaşovun 20 il bundan əvvəl Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında təşkil edilən 80 illik yubiley gecəsini xatırlayıram. Daha sonra isə 5 il əvvəl, 2019-cu ildə tarzənə həsr olunan “Əhsən sənə, Əhsən” kitabının təqdimat mərasimi yada düşür.
İlk tədbirdə Milli Konservatoriyanın rektoru Xalq artisti Siyavuş Kərimi sevimli müəllimi, Azərbaycan mədəniyyətinin iftixarı, fitri musiqi qabiliyyətinə malik olan Əhsən Dadaşovu belə xarakterizə etmişdi: “Əhsən müəllim böyük ustad idi. O, muğam və təsnifləri böyük bir zövqlə, çox yüksək lirik duyğularla ifa edirdi. Onun tarında “Rast”, “Orta Mahur”, “Bayatı-Şiraz” və digər muğamlar həddindən artıq gözəl səslənirdi. Onun ifasını dinləyəndə əmin olursan ki, muğam yalnız tar sənətinə yaraşır”.
Akademik Rafael Hüseynov isə tarzənə həsr olunmuş kitabın təqdimatında bu fikri səsləndirmişdi: “Əhsən Dadaşovu təkrarlamaq çətin idi. Nə sağlığında, nə də sonra onu təkrarlayaraq ona bənzəyə bilən ikinci sənətkar olmayıb. Ərəb dilində gözəllik mənasını verən Əhsən adı tarzənin həyatını gözəlləşdirib. Əhsən Dadaşovun bəxti onda gətirib ki, onun Mirzə Mənsurov, Ənvər Mənsurov kimi ustadları olub. “Öz müəlliminə bənzəmə!” deyərək Ənvər Mansurov ona məsləhət verirdi. Bunun sayəsində Əhsən Dadaşov heç kimə bənzəməyib, öz dəst-xəttini yarada bilib”.
Görəsən, nə idi bu özünəməxsusluq. Əlbəttə ki, ilk növbədə, ilhamlı, poetik və emosional ifa. Bir də sənətkarın daim axtarışda olması. O, hələ gənc yaşlarından müəllimlərinin, daha sonra xalqın, çalışdığı kollektivin sevgisini qazanmışdı. Bu sevgini isə ona fitri istedadı, coşqun yaradıcılıq eşqi, xalq musiqisinə bağlılıq qazandırmışdı.
Novator ansambl rəhbəri
O həm də novator ansambl rəhbəri kimi musiqi tariximizdə iz qoyub. Azərbaycan Televiziyası (o vaxtlar Bakı televiziya studiyası) nəzdində 1960-cı ildə xalq çalğı alətləri ansamblı yaratmış və ömrünün sonuna kimi bu ansamblın bədii rəhbəri olmuşdu. Hazırda “Xatirə” xalq çalğı alətləri ansamblı Əhsən Dadaşovun adını daşıyır. O, ansamblda səslənmə, ifaçılıq üslubuna yenilik gətirməklə yanaşı, həm də uzun zaman unudulan ud alətini də musiqimizə qaytarıb. İlk dəfə udla əlavə ansambla bas-tar alətini daxil edir. O, alətlərin bir-birini əvəzləməsi və qrup şəklində səslənməsinə xüsusi diqqət edərək ansamblda rəngarəng tembr yarada bilmişdi.
Tarın simlərində “çəkilən” lirik duyğular
Əhsən Dadaşov həm də gözəl duyğulara sahib bir bəstəçi idi. Bu gün musiqi salnaməmizdə onun bəstələdiyi “Humayun”, “Segah” rəngləri zərif melodiyalarla zəngin, ritmik və ahəngdarlığı ilə yaddaqalandır. Əbəs yerə bu bəstələrə görə tarzəni lirik duyğular rəssamı adlandırmırlar. Çünki bu bəstələri dinləyəndə ritmik boyalarla sanki bir əlvan tablo yaranır insan gözü qarşısında. Onun ifalarında olduğu kimi, bəstələrində də öz mizrabı, gəzişmələri, musiqi ladı və çalğısı hiss olunur. Bu ifalar sanki dinləyici ilə danışır, onunla dialoqa girir. İfasındakı xallar və texnikalar bütün incəliyi ilə dinləyiciyə tarın möhtəşəmliyini və Azərbaycan musiqisinin qüdrətini diktə edir.
Qüdrət demişkən, bu məqamda Azərbaycan elminin qüdrətli isimlərindən akademik Vasim Məmmədəliyevin bir vaxt Əhsən yaradıcılığı haqqında dediyi fikirdən sitat da yerinə düşər. O, Əhsən Dadaşovu bəstəkar ürəkli ifaçı adlandırırdı: “Əhsəni tarsız, tarı Əhsənsiz təsəvvür etmək mümkün deyil. Böyük sənətkarın udda ifa etdiyi “Şur”dan doymaq olmur. Mən hər dəfə rəhmətlik Qədir Rüstəmovun Əhsənin ansamblı ilə ifa etdiyi “Sona bülbülləri” dinləyərkən göz yaşlarımı saxlaya bilmirəm. Bu zaman təkcə Qədir yox, Əhsənin tarı da oxuyur”.
Mərhum Xalq artisti, tarzən Fikrət Verdiyev isə tarzənlə bağlı xatirələrində deyirdi: “Tarda incə tembrli səs effektləri məhz bu istedadlı musiqiçinin ifasında gözəl alınırdı. Görkəmli bəstəkarımız Hacı Xanməmmədov tar üçün bir-birindən gözəl konsertlər bəstələyib. Bu konsertlərin yaranmasına məhz Əhsənin gözəl ifası təkan verib”.
Bir neçə gün əvvəl Əhsən Dadaşovun 100 illiyi ilə bağlı hazırlanan televiziya verilişi üçün müsahibə verən, bir vaxtlar Əhsən Dadaşovun ansamblında kamança ifaçısı kimi fəaliyyət göstərmiş Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev isə onu belə xatırlayır: “Əhsən Dadaşovun ansamblında çalışmağın özü mənim üçün bir konservatoriya bitirmək qədər dəyərli idi. Əhsən Dadaşov, sözün böyük mənasında, həyat və sənət akademiyası idi”.
Əhsən sənə, Əhsən...
Bu sözləri Üzeyir Hacıbəyli 13 yaşlı Əhsənin tarda çalğısını dinləyəndən sonra demişdi. Dahi bəstəkarın xeyir-duası bu gün də Əhsən Dadaşov sənətinə ən ali qiymətdir. Çünki onun ifasında lent yazılarını hər dinləyəndə yada düşür.
2019-cu ildə mərhum yazıçı-jurnalist Rafiq Hacıyev Əhsən Dadaşov sənətinə həsr etdiyi “Əhsən sənə, Əhsən” adlı kitabını təqdim etdi. Kitabda tarzənin həyat və yaradıcılığı geniş və dolğun şəkildə əhatə olunub.
İllər keçəcək. Görkəmli tarzənin çalğısı, dünən və bu gün olduğu kimi, yenə dinləyicini düşündürəcək, onun qəlbini lirik, səmimi hisslərlə zənginləşdirəcək. Musiqisevərlər onun ifasında Azərbaycan muğam və rənglərinin, bəstəkarlarımızın əsərlərinin lent yazılarını hər zaman sevə-sevə dinləyəcəklər. Çünki bu ifalarda o, hər bir muğamın ladına məxsus fəlsəfəsini yarada bilib. Bütün varlığı ilə sənəti duyan və sevən, musiqi xəzinəmizin məna ideyalarını öz ifasında əbədiləşdirən sənətkar adını da mədəniyyət salnaməmizə əbədi həkk edib. Tar ifaçılığı sənətimiz var olduqca, Əhsən sənəti də yaşayacaq. “Əhsən sənə!...” alqışları ilə birgə...
Lalə Azəri
Azərbaycan Mətbuat Şurasının, “ƏHSƏN” Yaradıcılıq Təşəbbüsləri Mərkəzinin və Xəzər Media Mərkəzinin Əməkdar artist Əhsən Dadaşovun yaradıcılığı ilə bağlı birgə yazı müsabiqəsinə təqdim olunur