Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında noyabr ayı ərzində məktəblilər üçün ekskursiyalar və oxu saatları təşkil edilib.
Kitabxanadan bildirilib ki, böyüməkdə olan gənc nəsildə mütaliəyə olan həvəsin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, oxu vərdişlərinin inkişafı və onların kitabxanalara cəlb olunması məqsədilə təşkil edilən bu tədbirlərdə 1 nömrəli Uşaq -Gənclər İnkişaf Mərkəzinin 175 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “İntellektual inkişaf” dərnəyinin üzvləri və 133 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Kitabxananın elmi işlər üzrə direktor müavini Günay Həsənova məktəblilərə mütaliənin insan həyatında, onun gələcəkdə intellektual, savadlı bir şəxsiyyət kimi formalaşmasına göstərdiyi təsirdən danışıb, hər yaş qrupunun öz mütaliə çevrəsinin olduğunu və bu maraqların müəyyənləşdirilməsində kitabxanaçıların oxuculara kömək etdiklərini bildirib.
Oxu saatında məktəblilərə yerli və dünya ədəbiyyatı nümayəndələrinin əsərləri təqdim edilib. Kitabxananın əməkdaşları balaca ziyarətçiləri rəngarəng uşaq kitabları, jurnallar, kitab sərgiləri ilə tanış ediblər, kitabdan istifadə qaydalarını izah edərək hər bir insanın mütaliə etməsinin nə qədər vacib olmasından danışıblar.
Görüşdə Bakı şəhəri Yasamal rayonu 133 nömrəli tam orta məktəbin kitabxana müdiri Vüsalə Yusubova və 175 nömrəli tam orta məktəbin “İntellektual inkişaf” dərnəyinin rəhbəri Könül Əliyeva belə ekskursiyaların və tədbirlərin şagirdlərdə erkən yaşlarından kitaba, mütaliəyə maraq yaratdığını, kitabı sevməyə, onu qorumağa, asudə vaxtlarında mütaliəyə önəm verməyə sövq etdiyini bildiriblər.
Ekskursiyanın sonunda bütün uşaqlara valideynləri ilə birlikdə kitabxanaya yazılmaları tövsiyə olunub.