Noyabrın 18-də Azərbaycan Milli Kitabxanasında Bakıda davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində hazırlanmış “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda videoçarxın təqdimatı keçirilib. Tədbir Milli Kitabxana və “Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyinin təşkilatçılığı ilə gerçəkləşib.
Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycanın tarixdə ilk dəfə olaraq COP29 kimi mötəbər bir tədbirə ev sahibliyi etdiyini bildirib. Onlarla ölkənin liderinin və yüksək səviyyəli rəsmilərinin iştirakı ilə keçirilən tədbirin Azərbaycanın dünyaya tanıdılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Bildirilib ki, bütün dövlət və qeyri-hökumət təşkilatları kimi Azərbaycan Milli Kitabxanası da COP29-a öz töhfəsini verməyə çalışır.
Milli Kitabxananın hər zaman gənclərin yanında olduğunu bildirən direktor kitabxanadan istifadə edən oxucuların 85 faizinin gənclərdən ibarət olduğunu vurğulayıb.
“Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı” İctimai Birliyinin sədri Miri Mirəliyev tədbirin təşkilinə görə Milli Kitabxanaya təşəkkürünü bildirib. Deyib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin dünyaya tanıdılmasında müstəsna əhəmiyyətə malikdir. O, Milli Kitabxananın gənclər üçün doğma məkan olduğunu qeyd edib, gəncləri müasir və klassik Azərbaycan ədəbiyyatı ilə yaxından tanış olmağa çağırıb.
Sonra ictimai birlik tərəfindən hazırlanan, “Yaşıl dünya naminə həmrəylik ili” mövzusuna həsr olunmuş ingilis dilində videoçarx nümayiş etdirilib.