Nigeriyalı heykəltaraşın əl işləri
Bakıdakı Heydər Əliyev Mərkəzində nigeriyalı heykəltaraş Dotun Populanın (Dotun Popoola) “Yenidən doğulmuş gözəllik” (Reclaimed Beauty) adlı sərgisi nümayiş olunur.
Sərginin dekabrın 9-da keçirilən açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.
Mərasimdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov diqqətə çatdırıb ki, ekspozisiyada nigeriyalı heykəltaraşın 30-a yaxın əsəri yer alıb və onlar 2025-ci ilin oktyabrınadək burada təqdim olunacaq.
Bakıdakı belə bir möhtəşəm məkanda sərgisinin açılmasından məmnunluğunu ifadə edən Dotun Popula bildirib ki, təkrar emal olunmuş metal hissələrdən düzəltdiyi heykəllər sosial şəbəkələrdə geniş yayılıb. Qeyd edib ki, onun bədii yanaşması incəsənətin transformasiyasının nümayişi, eyni zamanda ekoloji deqradasiyaya etiraz formasıdır.
Nigeriyalı heykəltaraşın əl işləri Heydər Əliyev Mərkəzinin foyesində və parkında sərgilənir. Tədbir çərçivəsində “Ana təbiət” (Mother Nature) beynəlxalq incəsənət layihəsinə və “Öz töhfəni ver!” (Participate!) sərgisinə də baxış keçirilib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində fəaliyyətə başlayan “Ana təbiət” beynəlxalq incəsənət layihəsinin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Ekspozisiyada rəqəmsal instalyasiya, rəsm, qrafika və heykəltaraşlıq nümunələri təqdim olunur.
Dotun Populanın Bakıda açılan sərgisi də ətraf mühit və iqlim dəyişmələri mövzusu ilə səsləşir. Heykəltaraş əsərlərini ənənəvi materiallardan deyil, sənaye tullantılarına çevrilmiş metal hissələrdən hazırlayır. O, 2019-cu ildə Qətərdə Metal Sənəti Sərgisi, “Dubay Ekspo – 2020”, 2021-ci ildə Türkiyədə “Birlikdə var olmaq” (Coexistence) və digər sərgilərdə ölkəsini təmsil edib.