Dekabrın 24-də Bakıda “İRS” silsiləsi çərçivəsində 2024-cü ildə nəşr edilən kitabların təqdimat mərasimi keçirilib.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib.

“İRS” Nəşriyyat Evinin baş redaktoru Musa Mərcanlı bildirib ki, bu gün hamımız mədəni irsimizin, mədəniyyətimizin, incəsənətimizin işığına toplaşmışıq. O, bu il nəşriyyat evi tərəfindən müxtəlif dillərdə çap olunmuş kitablar haqqında məlumat verib. Vurğulayıb ki, nəfis tərtibatı və yüksək bədii-estetik görünüşü ilə diqqəti cəlb edən nəşrlərdə Azərbaycanın tarixi, mədəniyyəti, milli irsi dünyaya müxtəlif dillərdə təqdim olunur.

Artıq 13 ildir kitab nəşri ilə məşğul olduqlarını bildirən M.Mərcanlı bu il işıq üzü görən beş kitab – “Qarabağ yeni sətirdən”, “COP29: Yaşıl ümid rəngidir”, “Şirvanşahların bininci yılı”, "Şuşa” və “Kralın Kitabı” haqqında məlumat verib. Bildirib ki, birinci kitab məhz Qarabağın dirçəlişi ilə bağlıdır. Kitabda doğma, əziz Qarabağda aparılan tikinti, quruculuq, bərpa işləri, insanların qayıdışı barədə məlumatlar öz əksini tapıb.

“Ümumilikdə Qarabağla bağlı 10-a yaxın kitab nəşr etmişik. Qarabağın mədəniyyəti, tarixi, incəsənəti o qədər zəngindir ki, onlar haqqında yazmaq, gələcək nəsillərə çatdırmaq olduqca vacibdir. Bizim bu gün nəşr etdiyimiz kitabların siyahısında miniatür əsərləri də qeyd etmək istəyirəm. Bu da sözügedən istiqamətdəki silsilə kitabların ikincisidir. Bundan əlavə, COP29 zamanı buraxdığımız kitab yeddi dildə nəşr olunub”.

Baş redaktor diqqətə çatdırıb ki, “İrs” jurnalı artıq 25 ildir işıq üzü görür və 20 dildə dünyaya yayımlanır. Jurnal ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını Azərbaycanın hüdudlarından kənarda tanıtmaq, orada yaşayan çoxsaylı soydaşlarımızı yenidən öz köklərinə qaytarmaq məqsədilə nəşr olunur. Bu dərgi Azərbaycanın mədəniyyəti, tarixi, etnoqrafiyası, xüsusilə də, ən əsası, Qarabağ məsələsi, erməni təcavüzü ilə bağlı əsl həqiqətləri işıqlandırmağı və xarici ölkələrə yaymağı qarşıya məqsəd qoyub. Jurnalımızın bir özəlliyi də hər kəslə məhz doğma dilində “dil tapması”dır. “İrs”in materialları əsasında kitablar da buraxılır. “İrs” seriyası ilə ildə 2-3 kitab işıq üzü görür. Bu il isə bu seriyadan beş kitab hazırlanıb. Bunlar bir növ ensiklopedik nəşrlərdir. Burada “İrs” jurnallarında çap edilmiş materialların daha geniş işlənmiş, əhatəli tədqiqatı yer alır. Bu ensiklopedik “İrs” kitabları Azərbaycanın xaricdə tanıdılması istiqamətində yeni səhifə açıb.

Eldar Rəsulovun moderatorluğu ilə davam edən tədbirdə "Paşa Həyat Sığorta" ASC-nin İdarə Heyətinin sədri Niyaz İsmayılov, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov, mədəniyyət nazirinin müavini Fərid Cəfərov və başqaları çıxış edərək “İRS” Nəşriyyat Evinin mədəniyyətimizin dünyada tanıdılması istiqamətində gördüyü işləri yüksək qiymətləndiriblər.

Bildirilib ki, “Qarabağ yeni sətirdən” kitabında da vurğulandığı kimi, bu gün Qarabağda böyük bərpa-quruculuq işləri həyata keçirilir. Bu gün tariximizin ən şərəfli günlərini yaşayırıq. Artıq 30 illik həsrətdən sonra torpaqlarımız, Qarabağımız, mədəniyyətimizin beşiyi Şuşa azaddır. Bütün dünyaya bəyan edirik ki, bu torpaqların əsl sahibləri bizik. Hazırda burada mədəniyyətimizi, ruhumuzu, milli kimliyimizi qaytarmaq istiqamətində böyük işlər görülür, oralar canlanır. Bu kitablar vasitəsilə dünya Ermənistanın işğal dövründəki qeyri-qanuni əməllərindən, cinayətlərindən xəbərdar olacaq.

Vurğulanıb ki, “İRS” seriyasından nəşr olunan kitablar Azərbaycanın tarixi-mədəni zənginliyini müxtəlif dillərdə oxuculara çatdırır. Natiqlər yeni nəşrlərin ərsəyə gəlməsində əməyi keçən yaradıcı heyətə uğurlar arzulayıblar.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.