Dekabrın 24-də Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” adlı sərginin açılış mərasimi keçirilib.

Sərgi Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi və “Amir Textiles and Rugs”ın (“Oskouei” MMC) təşkilatçılığı, “bp-Azərbaycan”ın baş sponsorluğu, ABŞ-Azərbaycan Ticarət Palatası və “Silk Way West Airlines” şirkətinin dəstəyi ilə gerçəkləşib.

Milli Xalça Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Əminə Məlikova əvvəlcə muzeyin kollektivi adından Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib. Tədbir haqqında məlumat verən direktor qeyd edib ki, sərgidə ABŞ vətəndaşı Əmir Oskoueinin kolleksiyasından XVII-XVIII əsrlərə aid 14 unikal xalça və bədii tikmə nümayiş olunur. Sənət əsərləri sırasında dünyaca məşhur “Əfşan”, “Qoca”, “Xətai” (“Əjdahalı”) kompozisiyalı saray xalıları xüsusi yer alır. Sərgidə təqdim olunan nadir eksponatlar barədə sensor ekran vasitəsilə Azərbaycan və ingilis dillərində ətraflı məlumat əldə etmək mümkündür.

Bildirilib ki, Səfəvilər hakimiyyəti zamanı Azərbaycanda orijinal bədii quruluşa malik bu cür nəfis xalıların istehsalı genişlənir, xalçaçılıq sənəti öz çiçəklənmə dövrünü yaşayırdı. Həmin vaxt Şirvan, Qarabağ, Bakı, Quba kimi toxuculuq mərkəzlərində daha böyük ölçüləri olan xalçalar hazırlanırdı. Xalq sənətkarlarının yaratdığı nümunələrdə Təbriz xalılarını bəzəyən islimi, xətai, bulud, əjdaha, simurq, həyat ağacı kimi təsvir və elementlər qismən dəyişdirilərək əks olunurdu.

XVI əsrdə Səfəvi saray emalatxanalarında xalılarla yanaşı, dövrün dəyərli dekorativ-tətbiqi sənət nümunələrindən hesab edilən bədii tikmələr də ərsəyə gətirilirdi. XVII-XVIII əsrlərdə Azərbaycanın ayrı-ayrı istehsal məntəqələrində həmin tikmələrdən bəhrələnərək yeniləri yaradılırdı.

Azərbaycanda istehsal edilən unikal xalçalar keyfiyyətinə və bədii xüsusiyyətlərinə görə dünyada daim yüksək dəyərləndirilib. Qərbin yüksək zövqlü əsilzadələri əsrlər boyu bu əsrarəngiz xalçaları toplayır, onlarla sarayları, malikanələri, dini abidələri bəzəyirdilər. Dünyanın bir çox məşhur muzeylərində və şəxsi kolleksiyalarda qorunan Azərbaycan dekorativ-tətbiqi sənət nümunələrinə bu gün də böyük maraq göstərilir.

Sonra Milli Xalça Muzeyinin keçdiyi yolu və onun yeni binasının inşasını özündə əks etdirən videoçarx nümayiş olunub.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında bildirib ki, Azərbaycanın zəngin sənət növləri arasında xalçanın mühüm yeri var: "Xalça xalqımızın həyat fəlsəfəsini, estetik duyumunu, dünyagörüşünü əks etdirir. Biz erkən vaxtlardan xalçalar vasitəsilə rəngləri, naxışları dərk etməyə başlamışıq. Onun istisi hər birimizin evinə hərarət gətirib, bəzəyinə çevrilib. Xalça mirasdır, xalça sərvətdir, lakin ən əsası, xalqımızın genetik kod daşıyıcısıdır".

Qeyd olunub ki, XVI-XVII əsrlər Azərbaycan xalçaçılıq sənəti tarixində ən zəngin dövrlərdəndir. Səfəvilərin hakimiyyətə gəlməsindən başlayaraq Azərbaycan xalçaçılıq sənəti misli görünməmiş mükəmməlliyə çatıb və sənaye əhəmiyyəti qazanıb. Bu zaman nümunəvi xalçaların yaradılmasında yalnız toxucu deyil, dövrün görkəmli rəssamları da iştirak ediblər. Dövrün miniatür rəssamları Azərbaycan ornamental incəsənət məktəbinin formalaşmasında mühüm rol oynayıblar. Bu isə daha sonra Şərq incəsənətində böyük təsirə səbəb olub.

Azərbaycanda xalça hər dövrdə toxunub. Lakin illər ötdükcə onların dəyəri daha da artır, xəzinəyə çevrilirlər. Londonun Viktoriya və Albert, Los-Ancelesin İncəsənət, Nyu-Yorkun Metropolitan, İtaliyanın Milan və bir çox məşhur muzeylərdə Azərbaycan xalçaları qorunur.

Səfəvilər dövrünün misilsiz sənət incisi I Şah Təhmasibin 1536-cı ildə toxutdurduğu Şeyx Səfi xalçası hazırda Londonun Viktoriya və Albert muzeyində saxlanılır. Səfəvi dövrü xalçaçılığının şah əsərlərindən hesab olunan “Esangeşko” xalçası isə eyniadlı Polşa şahzadəsinin adından götürülüb.

Nazir müavini söyləyib ki, qədim xalçaçılıq sənəti Ümummilli lider Heydər Əliyevin daim qayğı göstərdiyi və yüksək qiymətləndirdiyi bir sahə kimi inkişaf edib. Bu diqqət və qayğının nəticəsində Azərbaycanın qədim xalçaları və xalq tətbiqi sənəti nümunələrinin geniş miqyasda muzey fondunda toplanmasına imkan yaranıb. 1972-ci ildə muzeyin təntənəli açılış mərasimi isə Heydər Əliyevin iştirakı ilə keçirilib. Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə, mədəni irsimizin təbliğinə göstərdiyi diqqət və qayğısı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyevanın təşəbbüsü və əməyi nəticəsində 2010-cu ildə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu gün Azərbaycanda xalça sənəti öz inkişafının yeni mərhələsini yaşayır. "Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında" qanunun qəbul edilməsi, Prezident İlham Əliyevin sərəncamı ilə Xalça Muzeyi üçün müasir standartlara uyğun binanın inşa edilməsi bu qədim el sənətinə dövlət qayğısının ifadəsidir. Dövlət başçısı tərəfindən təsdiq olunmuş “Azərbaycan Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar çox əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət müvəffəqiyyətlə davam etdirilir. Vaxtilə ölkəmizdən çıxarılan bir çox nadir xalça nümunələri xarici hərraclardan alınaraq ölkəmizə qaytarılıb. Görülən işlərin nəticəsində bu il Milli Xalça Muzeyinin kolleksiyasına 29 xalça və xalça nümunələri daxil edilib. Onlardan 2 xalça və bir kilim türkiyəli xalça kolleksiyaçıları Mətin və Hüseyn Konukçu qardaşları şəxsi kolleksiyalarından muzeyə hədiyyə ediblər.

"bp" şirkətinin Xəzər bölgəsində xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli qurumun mədəni layihələrindən söz açıb, bu istiqamətdə işlərin davam etdiriləcəyini vurğulayıb.

Daha sonra Təbriz miniatürlərindəki saray xalıları haqqında süni intellekt vasitəsilə hazırlanmış videoçarx göstərilib. Burada XVI-XVII əsrlərə aid Səfəvi dövrü saray xalçalarının yaradılması prosesi müasir texnologiya və tarixi sənətkarlığın vəhdətində təqdim edilib.

Kolleksiyaçı Əmir Oskouei tədbirdə iştirakından məmnunluğunu bildirib.

Bədii hissədə Nihad Qədirli (tar) və Toğrul Qasımovun (kamança) müşayiəti ilə xanəndələr Zeynəb Nəcəfova və Rəvan Qaçayev tərəfindən musiqi nömrələri səsləndirilib, Azərbaycan Dövlət Rəqs Ansamblının ifasında "Uzundərə", "Şələqoy" və s. rəqslər təqdim edilib.

Sonda qonaqlar sərgi ilə yaxından tanış olublar.

Sərgi 2025-ci il mayın 10-dək davam edəcək.

Nurəddin