Yanvar ayından etibarən “TikTok” sosial şəbəkəsi Albaniyada azı bir il müddətinə qadağan ediləcək.

Baş nazir Edi Rama bu barədə müəllimlərlə görüşündə bildirib. O qeyd edib ki, paralel olaraq şagirdlərin təhsil almasına kömək edən proqram təminatları hazırlanacaq.

Ötən ay paytaxt Tiranada şagirdlər arasında sosial şəbəkədə başlayan mübahisənin 2 məktəblinin ölməsi ilə nəticələnməsi hökuməti bu addımı atmağa vadar edib.

Xatırladaq ki, 2024-cü ilin aprel ayında Qırğızıstanda “TikTok”a girişin məhdudlaşdırılması barədə qərar qəbul edilib. Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin məlumatında bildirilir ki, sosial şəbəkənin uşaqların sağlamlığına, fiziki, əqli və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında qanuna əməl etməməsi bu qərarı zəruri edib. 2023-cü ildə Qırğızıstan Mədəniyyət Nazirliyi “TikTok”u bloklamaq barədə hökumətə müraciət etmişdi.

Bu ilin noyabrında isə Avstraliyada sosial şəbəkə istifadəçiləri üçün 16 yaş məhdudiyyəti qoyan qanun qəbul edilib. Yeni qaydalar “Snapchat”, “TikTok”, “Instagram” və “X” sosial şəbəkələrini əhatə edəcək.

Qısa videoları yükləməyə imkan verən “TikTok” sosial şəbəkəsi 2017-ci ildə Çində (“ByteDance” kompaniyası) istifadəyə verilib, şəbəkənin beynəlxalq versiyası isə 2018-ci ildən işləkdir.