Yanvarın 28-də İspaniyanın paytaxtı Madriddə ənənəvi “FİTUR” beynəlxalq turizm sərgisi açılıb. Tədbirdə Azərbaycan da təmsil olunur.

Fevralın 1-dək davam edəcək “FİTUR-2015” sərgisində Mədəniyyət və Turizm Nazirliyi Regionlarda turizmin inkişafı sektorunun müdiri Mahir Qəhrəmanov, sektorun baş məsləhətçisi Leyla Verdiyeva, habelə “Improtex travel”, “ENC Tours”, “Delta Group”, “Geo-travel”, “Atropatena travel”, “Regea travel” şirkətlərinin və “Rigs hotel”in təmsilçiləri iştirak edirlər.
Sərgidə Azərbaycanın turizm imkanlarının nümayişi üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 30 kvadratmetrlik sahədə milli stendimiz qurulub. Stend sərgiyə gələn qonaqlara təqdim olunması üçün ingilis və ispan dillərində materiallarla təmin olunub. Burada quraşdırılmış monitorda ölkəmizin turizm potensialını və “Bakı-2015” Avropa Oyunlarını əks etdirən videoçarxlar yayımlanır.
Sərginin açılışında iştirak edən Azərbaycanın İspaniyadakı fövqəladə və səlahiyyətli səfiri Altay Əfəndiyev stendimizi ziyarət edib, yerli turizm şirkətləri və mehmanxanaların nümayəndələri ilə görüşüb, sərginin işində onlara uğurlar arzulayıb.
Sərginin ilk günü Azərbaycanın turizm şirkətləri ilə İspaniyanın aparıcı turizm şirkətləri arasında işçi görüşü (work shop) keçirilib.
Qeyd edək ki, 2007-ci ildən başlayaraq Mədəniyyət və Turizm Nazirliyi və ölkəmizin turizm şirkətləri artıq altıncı dəfədir ki, "FİTUR" beynəlxalq turizm sərgisində iştirak edir. Bu il tədbirdə ümumilikdə 165 ölkədən 9 minə yaxın şirkət təmsil olunur.