Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə əlaqədar dəyərli araşdırmaların müəllifi olan görkəmli alim, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun “Söz heykəli” adlı yeni kitabı işıq üzü görüb. “Elm və təhsil” nəşriyyatının nəfis tərtibatla çap etdiyi kitabın elmi redaktoru akademik Ağamusa Axundovdur.
   
   732-ci ildə Orxon daş kitabələrində əksini tapmış müdrik “Əbədi abidə tikdim, yazı yazdım” aforizmini epiqraf götürmüş müəllif 816 səhifəlik kitabda əvvəldən sona qədər o şəxsiyyət və o abidələrdən bəhs edir ki, məhz onların hər biri tarixdə yaşamaq haqqı qazanıb. Kitabın “Sözün sərhədi”, “Diri söz”, “Söz ağrısı”, “Söz yükü”, “Qala söz” ünvanlı fəsillərində dilimizin, ədəbiyyatımızın, mənəvi sərvətlərimizin tarix sınaqlarından keçərkən üzləşdiyi çətinliklər və qazandığı zəfərlərdən bəhs edilir.
   Tarixçiliklə şairliyin sərhədində qərar tutmuş XI əsrin böyük qəsidəçisi Qətran Təbrizi, elmlə şeirin kəsişəcəyində dayanmış XII əsr mütəfəkkiri Fələki Şirvani və XIII əsrdə ömür sürmüş Nəsirəddin Tusi, yaradıcılığı altı dilə sığmış XIII əsrin və sonrakı bütün dövrlərin nadir sənətkarı Zülfiqar Şirvani, dövlət adamı, sərkərdə-şair XVI əsrdə parlayan Məhəmməd Bayram xan zamanın sərt imtahanlarına dözmüş söz qalaları hörmüşlər. Saib Təbrizi, Abbasqulu ağa Bakıxanov, Abbas Səhhət, Seyid Hüseyn, Mikayıl Müşfiq, Əlağa Vahid kimi sənətkarları da daimi müasirimiz edən onların parlaq yaradıcılıqlarıdır. Firudin bəy Köçərli, Həmid Araslı, Məmmədağa Sultanov, Əkrəm Cəfər kimi böyük alimlərin və millət xadimlərinin haqqında yalnız seçkin ədəbiyyatşünaslar kimi bəhs edilmir, bu ölməz simaların xalqın sərvətlərini qorumaq, Azərbaycanı daha artıq tanıtmaq və yüksəltmək naminə fədakar əməklərindən söz açılır.
   Kitab zəngin arxiv materialları, əlyazmaları, ayrı-ayrı ailələrin qoruyub saxladığı nadir sənədlər əsasında yazılmış, mətnlər maraqlı fotolar, rəngarəng rəsm əsərlərinin reproduksiyaları ilə müşayiət edilir.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar