Ötən əsrin əvvəlində Azərbaycan ədəbiyyatında realist nəsrin orijinal nümunələri yaranıb. Bədii məziyyətləri ilə yanaşı, gənc nəslin tərbiyəsinə də böyük təsir göstərən belə ədəbi nümunələrin gözəl yaradıcılarından biri də Süleyman Sani Axundov olub.
   
   Görkəmli yazıçı-dramaturq, maarifçi Süleyman Sani Axundov 1875-ci il oktyabrın 3-də Şuşada dünyaya göz açıb. 1894-cü ildə Qori Müəllimlər Seminariyasını bitirir. Pedaqoji fəaliyyəti ilə bərabər, ədəbi yaradıcılığa başlayır. Uşaqların acınacaqlı həyatından bəhs edən “Qorxulu nağıllar” silsiləsindən “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” adlı hekayələri “Məktəb” jurnalında dərc olunur. Eyni zamanda siyasi-ictimai mövzuda ifşa hədəfli əsərlər (“Kövkəbi-hürriyyət”, “Yuxu”, “Qonaqlıq”, “Tutuquşu”) qələmə alır. Vətəndaşlıq pafosu ilə də səciyyələnən bu hekayə və novellalarda lirizm və tənqid həmahənglik təşkil edir.
   1905-1920-ci illərdə Azərbaycan ədəbi mühitində lətifə səciyyəli hekayələr daha çox yazılır. Bu əsərlərin əksəriyyəti uşaq və gənclər mətbuatında işıq üzü görür. Məktəblərdə M.Ə.Sabir, S.S.Axundov, A.Səhhət və A.Şaiq kimi tanınmış şair və yazıçıların əsərlərinə daha çox üstünlük verilir. Çünki onların əsərlərində incə yumor, hikmət və kəskin istehza özünü qabarıq göstərib. S.S.Axundovun “Laçın yuvası”, “Eşq və intiqam”, “Molla Nəsrəddin Bakıda”, “Şahsənəm və Gülpəri”, “Tamahkar”, “Bir eşqin nəticəsi” və s. pyeslərində də satirik gülüşün ictimai məzmunu özünü büruzə verir.
   “Tutuquşu” bir səhifəlik tərbiyəvi hekayədir. Quşların timsalında rəmzləşdirmə, istehza və alleqorik ruh onun əsas ideyasını təşkil edir. Ədib əsəri nağıl kimi təqdim edir. Əslində isə hekayə ana dilinə biganə qalan insanlardan bəhs edir. Vətənsiz, məfkurəsiz ziyalılar yazıçının tənqid hədəfidir. Bülbülün oxumasında ana dilinin saflığı, gözəl səsin aşıladığı estetik hissə hüsn-rəğbət ifadə olunursa, tutuquşunun timsalında isə qarğa kimi qarıldaması, sağsağan kimi qırıldaması, qurbağa kimi quruldamağı - təqlidçiliyi, hər işdən avara qalması tənqid edilir.
   “Qonaqlıq” hekayəsində 1905-ci il inqilabının yaratdığı ictimai-siyasi və iqtisadi münasibətlərlə əlaqədar hadisələr bir problem ətrafında cərəyan edir. Əsərdəki dialoq M.Füzulinin “Meyvələrin söhbəti” alleqorik əsərindəki hadisələri xatırladır. Meyvələr də öz qüdrəti-təamı, şirinliyi, ləzzəti, xeyirliyi ilə bəhsə girirlər. Buradakı bəy, tacir, alim, ruhani, hərbçi bəhsə girərək hər biri hökumətin sütunu olması ilə qürrələnir. Sonda sadə kəndli məntiqlə onlara belə cavab verir: “Ey ağalar, düzünü axtarsanız, hökumətin sütunu biz kəndlilərlə o qan-tər içində yük daşıyan fəhlələrdir. Biz əkməsək, biçməsək, onlar da işləməsə, heç bir hökumət yaşaya bilməz”. Hekayədə tüfeyli ruhanilərin, kəndlərdə min hoqqadan çıxan bəylərin, tarixin inkişaf qanunlarından baş çıxara bilməyən alimlərin dialoqu, mübahisəsi və nəticə etibarilə özünüifşası təsvir olunub.
   S.S.Axundov nağıl-hekayələrində ədəbiyyatın böyük tərbiyəvi əhəmiyyətini əsas götürüb. “Qorxulu nağıllar” içərisində ən kamil hekayə olan “Qaraca qız” uşaqlara humanizm, dostluq və yoldaşlıq hissi aşılayır. Usaqların daxili aləmi, onların mənəvi gözəlliyi, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti burada daha mənalı verilib. O, hər cür fəlakəti mövcud cəmiyyətdən doğan bəla kimi təqdim edir. Bu cəhət yazıçının “Nurəddin”, “Əhməd və Məleykə”, “Əşrəf” hekayələrində də öz əksini tapır.
   “Qaraca qız” isə xüsusilə maraqlıdır. Körpəlikdən ata-anasını itirən Tutu uzun əziyyətdən sonra Piri babanın himayəsində yaşayır, gözüaçıq bir uşaq kimi həyatın hər tərəfini düşünür. Oxucu bu qənaətə gəlir ki, insanların mənəviyyatca müxtəlifliyi qeyri-bərabərlikdən, birinin ağa, digərinin nökər olmasından doğur. Akademik Məmməd Arif yazır: “Süleyman Sani, hər şeydən əvvəl, bir müəllim idi. Böyük mənada, ən hörmətli mənada müəllim idi. Onun bədii yaradıcılığı da öz ilhamını bu müəllimlikdən alıb. O, bütün yaradıcılığında bir müəllim kimi oxucuları tərbiyə etməyə, onlara bilik, ibrət və mərifət verməyə çalışıb. Onun “Qorxulu nağıllar”ı Azərbaycan ədəbiyyatı tarixində layiqli yer tutur”.
   Tanınmış yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiq bu hekayələrin əhəmiyyətindən bəhs edərkən yazıb: “Mən onun əsərlərini, xüsusən usaqlar üçün yazdığı hekayələri oxuyanda bir çox müasirlərindən fərqləndiyini gördüm. Onun dilində olduğu kimi, əsərlərinin tənqidindən çox nəsihətlə, müsbət həyat hadisələrini göstərməklə oxucusuna təsir etməyə çalışıb. Onun əsərlərində satira yox, lirika hakim idi”.
   
   Savalan Fərəcov